“Azərenerji” 17 yarımstansiyanı yenidən qurur

  04 İyun 2019    Oxunub : 776
“Azərenerji” 17 yarımstansiyanı yenidən qurur
Bakının və regionların dayanıqlı enerji təchizatı üçün daha bir addım atılır.
“Azərenerji” ASC-nin Media Mərkəzindən Azvision.az -a verilən məlumata görə, paytaxt və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.

“Sistemtəşkiledici 220 kilovoltluq “Xırdalan”, Badamdar qəsəbəsindəki “Müşfiq” yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur. Artıq “Zabrat” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında işlər başa çatıb. Digər yarımstansiyalarda aparılan yenidənqurma işləri isə yaxın aylarda yekunlaşacaq.

Enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən ifrat yüklənən transformatorların dəyişdirilərək gücünün çoxaldılması, avadanlıqların qızması və qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması və ən əsası isə istehlakçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca vacibdir.

Ötən ilin payızından etibarən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində yenidən qurulan yarımstansiyalardan əlavə, digər yarımstansiyaların transformatorlarının təmir edilməsi, dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi nəticəsində 250 meqavatamperdən çox güc artırılıb”, - deyə, məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Azərenerji