SOCAR-ın gəlirləri 111 milyardı ötüb

SOCAR-ın gəlirləri 111 milyardı ötüb
  04 İyun 2019    Oxunub:2061
2018-ci ildə SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə SOCAR-ın 2018-ci il üçün maliyyə hesabatında deyilir. Hesabata əsasən, şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırıb. Satışların maya dəyəri 105,5 milyard 2 manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil edib. Ötən il şirkətin əməliyyat gəliri artaraq 3,6 milyard manata çatıb. SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub.

Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: "2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olub, illəri mənfəətlə başa vurub. Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına, əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, "Şahdəniz-2" layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olub. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq".

Audit olunmuş maliyyə hesabatlarına görə, SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard manata çatıb.

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın ötən il dekabrın 31-də hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi nüfuzlu beynəlxalq audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy verib. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunub.

Azvision.az


Teqlər: SOCAR   Gəlir  





Xəbər lenti