Nazir Sankt-Peterburq Forumunda iştirak edir

Nazir Sankt-Peterburq Forumunda iştirak edir
  08 İyun 2019    Oxunub:1963
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum iqtisadi baxımdan dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində həyata keçirilir. Bu il keçirilən Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19% artaraq 2,5 milyard dollar çatıb. Artım tendensiyası 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23% artıb. Şahin Mustafayev bildirib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və “QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Bu yaxınlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinin ilk mərhələsi başa çatdırılıb. Bununla yanaşı, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank” həmçinin, “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3% artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, imzalanan Sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyası Leninqrad vilayəti arasında əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.

23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili nəzərdə tutulur.

Azvision.az


Teqlər:





Xəbər lenti