Bu günədək 99,33 ton yaş barama tədarük olunub

  08 İyun 2019    Oxunub : 1482
Bu günədək 99,33 ton yaş barama tədarük olunub
Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, KürdəmirŞəki rayonları öndədir. Bu günədək Zərdabda 30,19 ton, Füzulidə 22,82 ton, Balakəndə 13,57 ton, Zaqatalada 5,72 ton, Kürdəmirdə 5,64 ton, Şəkidə 5,39 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Azvision.az

Teqlər: KTN   Barama