77 dövlət əmlakı hərraca çıxarılıb

  10 İyun 2019    Oxunub : 963
77 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq.
Komitədən Azvision.az -a verilən məlumata görə, bu hərraca 77 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyektləri, 9 qeyri-yaşayış sahəsi arasında seçim etmək şansı var. Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 600 manat və 550 min manat aralığında olan belə əmlaklar Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 550 min manat, ümumi faydalı sahəsi 3 min kv.m-ə, torpaq sahəsi 90 min kv.m-ə yaxın olan Balakən rayonunda yerləşən Əmlak kompleksi müxtəlif istiqamətdə fəaliyyətə imkan verir

Prosesə çıxarılan müəssisələr arasında Xızıda yerləşən Yardımçı təsərrüfat, Mingəçevir şəhərində yerləşən 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi, Yevlax sənaye müəssisəsi kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir yun tədarükü məntəqəsi göstərmək olar. Belə ki, tekstil sahəsinə lazım olan xammalın ödənilmə potensialını nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, qalanları isə Sumqayıt şəhərində yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 21 kv.m ilə 140 kv.m arasında dəyişir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 22 yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl“, “Masazır Quşçuluq”, “Salyan Aqrotexservis”, “Yevlax tikinti servis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Ölkə vətəndaşları ilə bərabər xarici investorların da prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.

Azvision.az

Teqlər: Hərrac   ƏMDK