İlk milli toxum brendi yaradılıb

İlk milli toxum brendi yaradılıb
  19 İyun 2019    Oxunub:2635
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib .
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, mağaza “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərir.

Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

İlk toxum mağazası Xaçmaz rayonunda açılıb. Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodunun yaxınlığındadır. Beləliklə, emal olunmuş toxumların satış imkanları birbaşa tənzimlənəcək.

“Dövlət - Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.

Eyni zamanda, burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və aqrotexniki qulluq vasitələri də təklif edilir.

Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcək.

Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da bu mağazada fermerlərə təqdim olunur.

Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, mağaza istehsalçı və istehlakçıların işini asanlaşdıracaq:“İlk mağazamız Xaçmazda işə başlasa da yaxın günlərdə Şəkidə də “ToxumArt” mağazası açılacaq. Məqsəd qısa zaman ərzində keyfiyyətli toxumlara əlçatanlığın təmin edilməsidir.

Ümumiyyətlə, mağazalar toxum emalı zavodlarımızın bir istiqaməti olacaq. Özlərinin sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular onları bizə sata biləcəklər. Bunun üçün yeganə şərt toxumların yüksək keyfiyyətə malik olmasıdır”.

Azvision.az


Teqlər: Toxum   KN   ToxumArt  





Xəbər lenti