Nazir müavinindən şöbə rəhbərlərinə ciddi tapşırıq

  20 İyun 2019    Oxunub : 1058
 Nazir müavinindən şöbə rəhbərlərinə ciddi tapşırıq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda Fondun Bakı şəhər şöbələrinin rəhbərləri ilə birgə iclas keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. O, Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nəticələri olaraq, əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

A.Kərimov əhaliyə xidmət səviyyəsinin yüksəldilməsinin, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılmasının əsas vəzifələrdən olduğunu qeyd edib, nazirliyin yerli qurumlarında da bu məsələnin daim diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb.

Nazirin müşaviri Mustafa Abbasbəyli, Fondun direktoru Himalay Məmişov və digərlərinin müvafiq sahələrdə görülən işlər və aparılan islahatlarla bağlı çıxışları dinlənilib.

İclasda əhaliyə dövlət sosial xidmətlərinin keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, bu müraciətlərin obyektiv və ədalətli şəkildə cavablandırılması, göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun təmin olunması üçün görülən tədbirlər, bu sahədə çatışmazlıqların aradan qaldırılması, eləcə də Fondun yerli şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə məsələlər müzakirə edilib.

Azvision.az

Teqlər: ƏƏSMN