Fransadan Azərbaycana dəstək, ermənilərə ağır zərbə - MÜSAHİBƏ (EKSKLÜZİV)

Fransadan Azərbaycana dəstək, ermənilərə ağır zərbə -  MÜSAHİBƏ (EKSKLÜZİV)
  21 İyun 2019    Oxunub:10467
Fransa dövləti qanuna hörmət edilməsində və işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən kommunalar ilə "dostluq xartiyaları" imzalamağın qarşısını almaqda qərarlıdır.
"Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində bu yaxınlarda ölkəmizdə səfərdə olan Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel Azvision.az -a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- "Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində artıq 4-cü dəfədir ki, ölkəmizə səfər edirsiniz, təəssüratlarınız necədir?

- Biz əsasən Şəki şəhərinə səfər etdik. Burada yerli əhalinin bizi qarşılaması müstəsna olaraq gözəl idi. Bilirsiniz ki, Şəki ilə Fransanın Kolmar şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb və bu xartiya öz fəaliyyətini uğurla davam etdirir. Səfər zamanı Şəki məktəblilərinin mükəmməl şəkildə Fransanın dövlət himnini oxuması məni müşahidə edən nümayəndə heyəti tərəfindən həvəs və böyük maraqla qarşılandı. Onlar Fransa haqqında bir çox fransızdan daha yaxşı danışırdılar. Bu, unudulmaz bir xatirə olaraq yaddaşımızda qalacaq.

- Dediyiniz kimi, bu dəfə Şəki şəhərində oldunuz. Orada ən çox nə xoşunuza gəldi?

- Azərbaycan son dərəcə qonaqpərvər ölkədir və azərbaycanlılar böyük bir qonaqpərvərlik hissinə malik insanlardır. Gördüyüm odur ki, regionda yaşayan insanlar fransız rəsmiləri ilə görüşməkdən sevinc hissi duyurdular. Burada şahidi olduğumu ən əsas şey ölkənin böyük əksəriyyətinin müsəlmanlar təşkil etməsinə baxmayaraq, mövcud olan tolerantlıq və dünyəvilikdir. Burada dinlərə, əqidələrə, hər kəsin etiqadına hörmət edilir və bunu Azərbaycanın harasında olursunuzsa olun, hiss edə bilərsiniz. Düşünürəm ki, adət-ənənə, tarix, qədim şəhərlərin (İçəri Şəhər) futurist tikintilərini mükəmməl şəkildə özündə əks etdirməyi bacaran Bakı, gözəl, şarm və möhtəşəm mənzərələri olan bölgələrilə Azərbaycan səfər edilməsi vacib olan maraqlı bir ölkədir. Burada Şəki şəhərini vurğulamaq istərdim. Bütün bunlar mənim fransız həmvətənlərimi valeh etdi. Bizdə Azərbaycanı tərk edən kimi dərhal buraya geri qayıtmaq arzusu yaranıb.

- Qrenobl məhkəməsi Qarabağdakı qondarma qurumla imzalanan 4 “dostluq xartiyası”nı ləğv etdi. Bu cür halların qarşısını almaq üçün hansı işlər görülür?

- Fransa inzibati orqanlarının qanuna hörmət etmələri və bir neçə fransız kommunalarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən inzibati bölgələr ilə konvensiya imzalamasının qarşısının alınması üçün səfərbər olduq. Fransa məhkəmələrinin bir-bir bu dostluq xartiyalarını ləğv etməsini görməkdən məmnunluq duyuruq. Bu, onu göstərir ki, Fransa dövləti qanuna hörmət edilməsində və işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən kommunalar ilə dostluq xartiyaları imzalamağın qarşısını almaqda qərarlıdır. Bunun bir daha təkrar olunmaması üçün məhkəmələr sərt və aydın olmalıdır. Həmçinin bizim fransız həmvətənlərimizə tarixi yaxşı öyrənməyi və onlara təqdim olunan təhrif edilmiş hekayələrə qulaq asmamağı öyrətməliyik.

Onlara Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini xatırlatmaq lazımdır. Bununla yanaşı, onlara ümumilikdə döğma torpaqlarını tərk edərək Azərbaycanın müxtəlif yerlərində məskunlaşmağa məcbur olan 1 milyon yarım qaçqın və məcburi köçkünün olduğunu, bundan əlavə, azərbaycanlıların hər il böyük təəssüf hissi ilə yad etdikləri Xocalı faciəsinin qurbanı olduğunu da xatırlatmaq lazımdır. Bunları əsl gerçəklikləri bilməyən fransız həmvətənlərimizə anlatmalıyıq. Bizim Assosiasiya vacib olan gerçəkliyi bərpa etmək və Azərbaycanın əsl tarixini fransızlara anlatmaq üçün əlindən gələni edir.

Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini necə qiymətləndirirsiniz?

- Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən rola sahibdir. Əvvəla, Fransa Amerika və Rusiya ilə birgə ədalətli və dayanıqlı sülhə necə nail olmağın yollarını araşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Digər tərəfdən, Fransa Azərbaycan ilə mükəmməl əlaqələrə sahib olmaqla yanaşı, Ermənistanla da yaxşı münasibətə malikdir. ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq Fransanın digər həmsədr dövlətlərə münaqişənin nizamlanması ilə bağlı bir neçə həll yolu təklif etmk üçün yeni səylər göstərməsi vacibdir.

Bundan əlavə, dayanıqlı və ədalətli sülhə imza atmağa nail olmaq üçün bir neçə müsbət həll yolları tapmaq lazımdır. Burada Fransa müəyyən yola sahibdir. Sülh hazırda çətin iqtisadi vəziyyətdə yaşayan və gələcək ümidləri olmadıqları üçün ölkələrini tərk edən sakinlərə malik Ermənistan üçün daha faydalıdır və bu rəsmi İrəvan üçün qaçılmazıdır. Fransa dövləti münaqişənin həlli ilə bağlı masaya nə qədər çox təkliflər qoyarsa, Cənubi Qafqazın bu vacib hissəsi, həmçinin bizim azərbaycanlı dostlarımız üçün bir o qədər faydalı olacaq. Ermənistanın işğalı səbəbindən 1992-ci ildə məcburi köçkün olmuş insanlarla görüş üçün təşkil etdiyim missiya zamanı onların əksəriyyətinin öz doğma torpaqlarına necə qayıtmaq istədiklərinin şahidi oldum. Bu isə, kifayət qədər normal haldır.

İlkin Nəcəfzadə
Tərcümə etdi: Günel İbrahimova
Azvision.az


Teqlər: Fransa   Azərbaycan   ASA  





Xəbər lenti