Pərviz Şahbazov rusiyalı həmkarı ilə görüşüb

  24 İyun 2019    Oxunub : 981
Pərviz Şahbazov rusiyalı həmkarı ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxış edən nazir enerji transformasiyasının əsas hərəkətverici qüvvələri kimi bərpaolunan enerji və enerji səmərəliliyi üzrə dünyada müşahidə olunan tendensiyalar, ölkəmizdə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərdən danışıb. Enerji transformasiyasını zəruri edən amillərdən bəhs edən Energetika naziri enerji, siyasi və ekoloji təhlükəsizliklə bağlı məsələlərin ənənəvi enerji resursları ilə müqayisədə bərpaolunan enerjinin rolunu artırdığını, enerji səmərəliliyinin enerjiyə tələbatla iqtisadi artım arasındakı ənənəvi əlaqəyə yeni məzmun gətirdiyini qeyd edib. O, enerjiyə çıxışı olmayan ölkələr kimi neft ölkələri üçün də enerjidə alternativ həllərin aktual olduğunu söyləyib.

Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı, istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpaolunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir.

“Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər”, - deyə nazir bildirib.

Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7 faizlik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 10,9 faizdir. Bununla belə son illər bərpaolunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpaolunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir.

“Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, - deyə P.Şahbazov əlavə edib.

Nazir dünyanın enerji xəritəsinin tərtibində Azərbaycanın roluna da toxunub, Cənub Qaz Dəhlizinin qitənin dekarbonizasiyasına verəcəyi töhfəni və ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.

Forum çərçivəsində P.Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakla da görüşüb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlğının elektroenergetika, neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib. Həmçinin “OPEC plus” əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.

Azvision.az

Teqlər: Energetika   Rusiya