Agentlik: Turizm şirkətləri kateqoriyalara bölünəcək

  27 İyun 2019    Oxunub : 830
 Agentlik: Turizm şirkətləri kateqoriyalara bölünəcək
Bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq. Turizm reyestrində olan şirkətlər müəyyən üstünlüklər əldə edəcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, bu üstünlüklər onlara dövlət qurumları tərəfindən təqdim ediləcək.

"Reyestrə daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara bölünəcək. Daha üstün turizm şirkətlərinə daha üstün kateqoriyalar şamil olunacaq. Buna uyğun olaraq turist şirkətinə gedən şəxs onun hansı kateqoriyada olacağını görəcək və ona inam formalaşacaq. Müəyyən kateqoriyada olmaq üçün tələblər daha da çətinləşir. Bu, heç bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq üçün deyil, stimul vermək və insanların inamını formalaşdırmaq üçün nəzərdə tutulub. İlin sonuna kimi reyestrin yaradılması planlaşdırılır. Bunun üçün hüquqi əsaslandırma, elektron bazanın yaradılması və işlək olması lazımdır. Bunlar bir-birilə bağlıdır".

K.Qasımov qeyd edib ki, ölkədə turizm şirkətlərinin, turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi, onların göstərdiyi xidmət keyfiyyətinin artırılması vacib məsələdir.

"Turist şirkətlərinin göstərəcəyi xidmət turistlərin məmnunluğu baxımından önəmlidir. Bazarda kifayət qədər turizm şirkətləri, sənaye üzvləri var ki, onların fəaliyyətinin nəzarət altına alınması, keyfiyyət qiymətləndirilməsinə ehtiyac var. Reyestr bu baxımdan bizə yardım edəcək", - deyə aparat rəhbəri əlavə edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: