Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi azaldıldı

  29 İyun 2019    Oxunub : 1090
 Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi azaldıldı
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.
Azvision.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Qeyd edilib ki, 1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Azvision.az

Teqlər: Əmanət   Faiz