Diaspora nümayəndələri Azərbaycanda bank hesabları aça biləcəklər

Diaspora nümayəndələri Azərbaycanda bank hesabları aça biləcəklər
  01 İyul 2019    Oxunub:1897
Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumu imzalanıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, iki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.

İmzalanma mərasimindən öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Memorandumun imzalanması elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliğinə və tanıdılmasına dair səyləri birləşdirmək kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də, Dövlət komitəsinin əsas hədəflərindən olan soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn bir zərurətdir.”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən Azərbaycan diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır: “Tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza verilməsi xaricdəki həmvətənlərimizin Azərbaycanla əlaqlərində pul köçürmələri, bank hesablarının açılması, sərmayə qoyuluşu, idxal-ixrac əməliyyatları, vergilərin ödənilməsində irəliyə doğru addımdır. Artıq xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələri rəqəmsal müstəviyə keçməklə daha çevik və az resurs sərf etməklə reallaşacaq. Enterpriseazerbaijan.com portalında toplanan biznes layihələri və startapların xaricdən sərmayə cəlbi üçün yeni imkanlar açılacaq. Xaricdəki həmvətənlərimiz Azexport-un imkanlarından istifadə edərək ixracın genişlənməyinə daha fəal cəlb olunacaqlar. E-rezidentlik xaricdəki soydaşlarımızın bir araya gətirilməsi və onların Azərbaycana bağlılığının artırılmasına öz töhfəsini verəcək.”

Çıxışların ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında ASAN imza vasitəsi ilə onlayn anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimdə bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə ilə həyata keçirilir. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim etdi. Nicat Əsədli həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı buna qədər dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imzanı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə təqdim edib. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə elektron rezidentlik təqdim edən ikinci ölkə olub. Elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Hazırda Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə mobil rezidentlik Türkiyə, Rusiya, Litva, BƏƏ, Mərakeş, Fransa, Pakistan, Hindistanda təqdim olunub.

Əlavə edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil rezidentlik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi elektron və mobil rezidentliyi dünyanın 100-ə yaxın nöqtəsində əldə etmək mümkündür.

Azvision.az



Teqlər: Diaspora   ASAN-imza  





Xəbər lenti