Azərbaycan neft hasilatının azaldılmasına razılıq verdi

   Azərbaycan neft hasilatının azaldılmasına razılıq verdi
  02 İyul 2019    Oxunub:1804
Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü “OPEC plus” əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək”.

İclasda qeyri-OPEC ölkələrinin nazirləri həmçinin, OPEC-in gündəlik hasilatla bağlı iqtisadi və geosiyasi faktorları, dünya iqtisadiyyatının inkişaf tempini, tələb-təkllif dinamikasını nəzərə almaqla irəli sürdüyü təklifə də razılıq veriblər. Hasilatı azaltmaqla bağlı razılaşmanın qış mövsümünü tam əhatə etməklə uzadılması məqbul hesab edilib. Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

Energetika naziri qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi və sabitliyin qorunub saxlanması üçün “OPEC plus” ölkələrinin bu qərarına da münasibət bildirib: “Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır. “OPEC plus” ölkələri növbəti dəfə risklərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq, “Əməkdaşlıq Bəyannaməsi”nə imza atması isə ölkəmizin maraqlarına tam uyğundur”, deyə nazir əlavə edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə “OPEC plus” ölkələrinin kvotaları isə dəyişməz qalır.

Azvision.az



Teqlər: OPEC   Azərbaycan  





Xəbər lenti