Dustaqların “Komsomol tikintisi”: Belomor kanalının çəkilişində azərbaycanlının yaşadığı dəhşətlər

  18 İyul 2019    Oxunub : 2817
 Dustaqların “Komsomol tikintisi”: Belomor kanalının çəkilişində azərbaycanlının yaşadığı dəhşətlər
Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olarmı?! Amerikalılar hər cür müasir texnika ilə uzunluğu cəmi 80 kilometr olan "Panama" kanalını təxminən otuz ilə tikiblər. Afrikadakı "Süveyş" kanalı çəkilən zolaq qumluq sahə olduğundan həm qazılması çox asan idi, həm müasir texnika, həm də tikinti materialının daşınması cəhətdən heç bir çətinliyi olmayan misirlilər 160 kilometrlik kanalın çəkilişini on ilə başa vurmuşdular. 180 km.-lik donmuş bataqlıqdan keçən Belomor-Baltik kanalı isə ikicə il müddətinə tikilmişdi!
Necə? Ağlagəlməz dəhşətləri sayəsində!

Əliyev Cəbrayıl Abbasqulu oğlu 1931-ci il dekabrın 30-da Bakıda, Dağlı məhəlləsində anadan olub. 161 saylı məktəbdə oxuyub. "Mamlyuk Cəbrayıl” ləqəbilə məşhur olan bu adam çox ağır həyat yaşamışdı. Həbs olunarkən evlərində 7 qardaş idilər. Hazırda biri də sağ deyil. Sovet hökuməti bir tərəfdən çoxuşaqlı ailələrin böyük xanımına "Qəhrəman ana" ordeni verir, digər tərəfdən ailənin heç nə yox, gündəlik yavan çörək tələbatı qayğısına qalmayaraq “iri addımlarla ” sosializm quruculuğuna doğru "gedirdi"...

Cəbrayıl Əliyev danışanda adamın Soljenitsindən oxuduqları kölgədə qalır. O danışanda gözlərində iki iri yaş damcısı yaranır. Onlar heç vaxt yuvarlanıb yanaqlarındakı qırışlarda yox olmur, sürüşüb yerə də düşmür. Yaş damcılarını gözlər yenidən özünə çəkir. Yanğılı bəbəklər onları buxarlandırır...

“Mamlyuk” danışanda həmişə üzünü şaxtalı təbəssüm dumanı örtür, elə duman ki, tərkibindəki su damla-damla həmsöhbətinin də üzünə toxunur, onu da üşüdür...

- ... 1951-ci ilin yayında evə, anama iki min manat göndərdim. Son dəfə aldığım məktubda kiçik qardaşımın xəstələnərək dünyadan getdiyi haqda yazmışdılar. Bilirdim ki, vəziyyətləri çox çətindir. Qardaşım Valehi də tutmuşdular. Dostum, xanımın oğlu Şəmsi yazmışdı ki, Valeh kimi isə bıçaqlaıb. Son üç ayda barakdan bayıra çıxmır, işə getmirdim. “Polyak”lardan kim isə "stukaç"lıq eləmişdi deyə, növbəti etapda məni də o vaxtlar ittifaqın ən böyük "komsomol tikintisi" sayılan cəhənnəmə - “Belomor-Kanal”a gedənlərin cərgəsinə qoşdular.



"Belomor-kanal"ın tikintisi hələ 1931-33-cü illərdə minlər, bəlkə də milyonlarla insanın həyatı bahasına başa gəlmişdi. Bizi ora aparanda "komsomol tikintisi"ndə 150-160 min dustaq işləyirdi. İldə təxminən otuz min insan yox olurdu "komsomol tikintisi"ndə.

Kanalın tikintisinə təzəcə başlananda oraya "preddveriye ada" ("cəhənnəm qapısının kandarı"), yəni yüzə-yüz meyit məskəni deyirdilər. Hər həftə minlərlə məhbus gətirilirdi, lakin onlar buradan heç yerə etap olunmurdular. Ancaq işləyən "komsomolçu"ların sayı ilin sonunda əvvəlki qədər, yəni 150 min nəfər olurdu. Hər gün yüzlərlə, bəlkə də minlərlə meyit tapırdılar. Ələlxüsus, əyalət rayonlarından gətirilən məhbuslar cani-dildən işləyirdilər. Donmuş torpağı qazır, taçkalara dolduraraq yüz-yüz iyirmi metr kənara daşıyırdılar.

Orada su sulfidli olduğundan, bir neçə dəfə yuyunub çimdikdən sonra insanların bədənlərindəki, başlarındakı tüklər tökülürdü. Mən qarı yığırdım çəlləyə, əridib yuyunurdum. Araq içdikdən sonra şüşənin dıbində qalan hissəni başıma sürtüb, mikrobları təmizləyirdim.

Dustaqlar üç növbə işləyirdilər. Hər növbədə 40-45 min məhbus işə çıxırdı. Səhər saat səkkizdən başlayan "udarnaya sila" saat dördə qədər əsas işi görürdü. İkinci növbədə işləyənlər gecə saat on ikiyə qədər yalandan baş girləyənlər idilər. Əsas ölüm halları elə bu növbədə baş verirdi. Sürüşkən "otkos"da "çifir" bişirən məhbusun azacıq itələnərək qışqıra-qışqıra "betonomeşalka"ya düşməsini gözlərimlə görmüşdüm. Konvoyların gözü qarşısında baş verən bu bədbəxtliyə titrəyə-titrəyə baxırdım. Gah bu, gah da digər tərəfdən dərin şlüzlərdə bir an qışqıraraq həmişəlik susan insanların dəhşət dolu bağırtısı hələ də qulaqlarımda əks-səda verir.

Şimal düşərgəsini "həşəratların laboratoriyası " adlandırırdılar. SLON (Ceверные Лагера Ocoбого Назначеие) – adamları adına uyğun şəkildə, vəhşi fıl kimi tapdayır, əzir, məhv edirdi. Kimi həyatdan yox etmək istəyirdilərsə, məhz SLON-a göndərirdilər.



Buradan hərdən qaçırdılar. İşdən sonra yol boyu tökülüb qalan meyitlərdən qorxub, qaçırdılar. Kimi elə tayqadaca donub ölür, kimini isə onların ardınca göndərilən konvoy dəstəsi öldürərək, meyitini sürüyə-sürüyə düşərgəyə gətirirdilər. Qaçmağa cəhd edəni aşxananın yanında görünən yerə atırdılar ki, hamı baxsın, ibrət dərsi götürsün.

Qaçanlar əsasən "58-lər" (represiya olunan hərbçilər) idilər. Çoxları "yaşıl prokuror" adlandırdıqları tayqanı acından ölməkdən üstün tutur, "bəlkə baş tutdu" deyərək, dabanlarına tüpürürdülər.

SLON-da ölənlərin də əksəriyyətini "58-lər" təşkil edirdi. Müharibədə odun-alovun içindən çıxmış "smertniklər" bilirdilər ki, verilən müddət başa çatsa belə, onları azadlığa buraxmayacaqlar, bir bəhanə tapıb, yeni maddə yükləyəcəklər bellərinə.

Düşərgə işçilərinin "faşist" adlandırdıqları bu zümrənin gözlərində həmişə düşərgə rejiminə qarşı üsyan, kin və nifrət oxunardı. Hətta "Oğru"lar "58-lər"ə hörmətlə yanaşar, hər vasitə ilə onlara kömək etməyə çalışardılar. "58-lər" də "Oğru "lar kimi kanal çəkilişində "saçkovatlıq edir, fürsət düşən kimi işlətdikləri adi taçkaları sındırır, bir tərəfdə qaladıqları tonqalın başına toplaşaraq pıçıldaşardılar.

Düşərgəmizdə Pronin familiyalı baş leytenant vardı. "Bespredel"dən tutmuş, "Oğru"ya qədər hamı insanlıq xasiyyətindən kənar xislətli bu "çaqqal "a nifrət edirdi. Bir gün o, tonqal ətrafında qızınan "58-lər"ə yanaşaraq:
– Hə, "faşist”lər, yenə dincəlirsiniz? Bəlkə meşədən giləmeyvə yığmaq könlünüzə düşüb? – deyərək hırıldadı.
Dörd-beş nəfər məhbus sevincək halda onun dediyi təklifi qəbul etdiklərini bildirdilər. Dustaqları meşəyə ötürən Pronin az sonra iz axtarıcı it dəstəsi ilə nəzarətçiləri onların ardınca göndərdi və tapşırıq verdi ki, "meyitlərini gətirin!"

Axşam vatnikləri it dişləri ilə didilmiş, güllələndikdən sonra beyinləri tökülmüş üç məhbusu xizəyin üstünə uzadaraq, dörd dustağa onu gəzdirməyi həvalə etdilər... Bundan sonra isə meyitləri kişkodroma (aşxanaya) gedən cığırın yanında sıraya düzdülər. Düz bir həftə onların meyitləri elə oradaca qaldı.

SLON-da işləyənlər əsasən siyasilər, əyalətlərdən yığılaraq göndərilən kolxozçular və "bespredelşik'lər idi. Əsl kommunistlər bəzən iki növbə donmuş torpağı lomlarla döyəcləyir, ayın axırına faiz yığırdılar. Ayın sonunda briqadirin iş cədvəlində "zərbəçilərin" adları qarşısında 80-90% yazılırdı, "Oğru"Iar isə axşamadək baraklarda kart, şahmat oynayır, planı azı 110-120 faiz "ödəyirdilər".

Ukraynadan iki qardaş "krolik" etap olunmuşdu. Onlar ilk gün rekord – 260 faiz göstərici eldə etdilər. Düşərgə rəisi onlara mükafat kimi bir qutu pirojna verərkən, onlar "Sovet İttifaqına xidmət edirəm!”– deyib, qışqırdılar və söz verdilər ki, sabah həmin rəqəmi 300 faizə çatdıracaqlar. Şaxtada sıraya düzülmüş 300 nəfərə yaxın briqada üzvləri bu vədi eşidəndə uğuldadı və pıçıltı ilə kommunist qardaşları söyməyə başladılar.

Səhəri gün qardaşların "heykəlini” tapdılar. İşləyərək tərləmiş qardaşlar kürəklərini bir-birinə söykəyərək, azacıq dincəlmək istəyiblərmiş. Lakin hava çox şaxftalı olduğundan, elə yerlərindəcə donub heykələ çevrilmişdilər.



Mən bütün bunları görür, hər səhər öz-özümə içimdən gələn səslə: "Sən yaşamalısan, Cəbrayıl, nəyin bahasına olursa-olsun, yaşamalısan" deyir, “Oğru”ların yanından uzaqlaşmırdım. Hərdən hamı barakdan çıxarılaraq işə göndərildikdə də çalışırdım ki, "adamyeyən" "betonomeşalka”Iardan, girdabında minlərlə məhbus uyuyan dəhşətli yalquzaq uğultulu şlüzlərdən uzaq qaçım. Çox vaxt "professor" ləqəbli qocanın yanında olur, onun məsləhətlərilə durub-otururdum. O, əvvəllər də, yəni kanalın tikintisi yenicə başlayanda iki il burada "can qoymuşdu".

– Xəstələn, özünü dəliliyə qoy, briqadirə "pay" ver, çalış ki, mümkün qədər işə çıxmayasan, – deyirdi professor. Heç bir texniki vasitə olmadan iki il müddətinə 280 kilometr kanal çəkmək olar?! Çoxları heç bir həftə dözmürdü... İndi heç olmazsa "betonomeşalka", traktor var, o vaxtlar hər iş əllə görülürdü və çəkdiyimiz kanal heç nəyə yaramırdı. Ancaq şalban axıtmağa yarayırdı, çünki həm darısqal, həm də çox dayaz inşa edilmişdi.

Düşərgədə azərbaycanlılar da vardı. Gəncədən iki qardaş – Aydın və “Ruf” ləqəbli digərini, Bakıdan Papaninski “Qorbatıy Azik”i, Montinskiy Mirzəni və Qala qəsəbəsindən olan Süleymanı, Hüseynağanı daha tez-tez görürdüm. Ünsiyyətimiz olmurdu, çünki şərait elə idi ki, hər kəs ancaq öz başının həşirində idi. Sabaha heç kəs ümidlə baxa bilmirdi.



1951-ci ildə mənim cəmisi iyirmi yaşım vardı, ancaq bilirdim ki, "Oğru"larla birlikdə olaramsa, onların məsləhət və qanunlarına əməl edərəmsə, uzaqdan, əlçatmaz üfüqlərdən görünən işıq ucuna doğru gedə bilərəm.

Son vaxtlar yemək payımızı tamam azaltmışdılar, sinqa xəstəliyi ağzına almışdı düşərgəni. Cavan-cavan oğlanların dişləri damaqlarından uzanaraq, sanki əlahiddə dayanırdı. Çoxları normadakı qədər yemək paylarını ala bilmirdilər. Bir dəfə uşaqlar qarğa vurmuşdular. Saatlarla qaynatdıq, yemək mümkün olmadı, iki gün bişirdikdən sonra da əti yumşalmamışdı...

Bəhram Çələbi
Azvision.az üçün

Teqlər: Belomorkanal