Milli Məkan Məlumatları - Yeni sistemin detalları açıqlandı

  25 İyul 2019    Oxunub : 1801
 Milli Məkan Məlumatları - Yeni sistemin detalları açıqlandı
Milli Məkan Məlumatları İnformasiya Sistemi dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman kəsiyinə uyğun sistemləşdirir.
Azvision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Komitə sədrinin sözlərinə görə, bu infrastruktur istənilən sahədə idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsini, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə olunmasını, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkilini təmin edir.

"Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib".



K.Həsənov qeyd edib ki, torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. "Ölkəmizdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də “Yer Səthinin Peyk Nəzarəti Sistemi”nin qurulması layihəsidir.

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin təmin edilməsində xüsusi rolu var".

Komitə sədri vurğulayıb ki, Milli Məkan Məlumatları İnfrastrukturu layihəsi ilin sonuna hazır olacaq. Bu infrastruktur idaretmə ilə bağlı qərarların qəbul edilməsi, dövlət və bələdiyyə idarəçiliyin keyfiyyətinin artırılması, biznes mühitinin dayanıqlı inkişafını təmin edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir.

Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Kərəm-Həsənov   Komitə