FES-in qərarı manata təsir edəcək? - “Yeni ssenarilərə hazır olmalıyıq”

  FES-in qərarı manata təsir edəcək?  - “Yeni ssenarilərə hazır olmalıyıq”
  01 Avqust 2019    Oxunub:2760
"ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib. FES-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, investorlar 50 bənd azlamanın olacağını gözləsələr də, FES 25 bəndlə kifayətlənib:

"FES-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FES yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Bir sıra Mərkəz Bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FES-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yeni də ən az riskli valyuta hesab olunur".



Ekspert Azərbaycanın milli valyutasına gəlincə, qeyd edib ki, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi həlledici olaraq qalır.

"Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu, həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq", -deyə V.Bayramov vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcəsi ilə bağlı yekun qərarını elan edib. FES-in iki günlük iclasından sonra baza faiz dərəcəsi 25 bənd azaldılaraq illik 2-2,25% səviyyəsinə endirilib.

Bununla da, FES 10 il ərzində ilk dəfə faiz dərəcəsini aşağı salıb. Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.

Azvision.az


Teqlər: Ekspert   Dollar   VüqarBayramov  





Xəbər lenti