Maliyyə naziri bank prezidenti ilə görüşüb
Bununla yanaşı, nazir qeyd edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumunun ölkəmizin maliyyə bazarında yerli valyutada qiymətli kağızlar buraxması həm emitent şəbəkəsinin genişləndirilməsinə, həm də ölkənin qiymətli kağızlar bazarının cəlbediciliyinə töhvə verməsi ilə yanaşı, digər beynəlxalq maliyyə institutları üçün də təkanverici addım olacaq. Bu isə, öz növbəsində, Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı və onun daha da təkmilləşdirilməsi üçün əlavə dəstək kimi qiymətləndirilə bilər və bu bazarın daha da inkişaf etməsinə müsbət təsir göstərəcək.
S.Şərifov həmçinin yerli qiymətli kağızlar bazarı barədə Bankın prezidentinə məlumat verərək, dövlət istiqrazlarına olan böyük tələbat əsasında son 3 ildə dövriyyə müddəti 1-3 il olan dövlət qiymətli kağızlar üzrə gəlirlilik dərəcələrinin 17-18%-dən 6-7%-ə endiyini qeyd edib, bunu ölkənin sabit makroiqtisadi çərçivədə inflayasiyanın aşağı səviyyədə olması və investorların manata olan etibarın artması ilə əlaqələndirib.
Nazir vurğulayıb ki, beynəlxalq kredit reytinq agentliyi “Standard&Poor`s” tərəfindən “A-” və “Moody`s” tərəfindən “A2” dərəcəsində müəyyən edilən Bankın uzunmüddətli kredit reytinqi Azərbaycan üzrə müəyyən edilən reytinq dərəcəsindən 4 pillə yüksək olsa da, Bank tərəfindən yerləşdirilən 2 illik qiymətli kağızlar üzrə gəlirlilik dərəcəsi ilə (7,25%) Maliyyə Nazirliyinin son hərrac zamanı yerləşdirilən analoji dövriyə müddətli kağızlarının gəlirlilik dərəcəsi (7,47%) arasında böyük fərqin (spred) olmaması məmnunluq doğurur.
Görüş zamanı S.Şərifov ölkəmizin Bankla olan münasibətlərinə böyük önəm verdiyini, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini və Bankın baş qərargahında iki Azərbaycan vətəndaşının çalışdığının önəmli olduğunu nəzərə alaraq, onların sayının artacağına ümid etdiyini bildirib.
Bankın prezidenti Azərbaycanda yerli valyutada qiymətli kağızların buraxılması ilə əlaqədar Banka göstərilən yüksək dəstəyə görə aidiyyəti dövlət orqanlarına öz təşəkkürünü bildirib və ölkədə aparılan iqtisadi islahatların ölkənin makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişafına təkan verdiyini və bunun da, öz növbəsində, Bankla ölkəmiz arasında mövcud olan ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankını 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan yaradılıb. Azərbaycanı Bankın Rəhbərlər Şurasında S.Şərifov təmsil edir.
Azvision.az
Teqlər: Maliyyə