Sənədsiz evlər üçün “əmlak amnistiyası” təklif olundu

Sənədsiz evlər üçün “əmlak amnistiyası” təklif olundu
  05 Avqust 2019    Oxunub:4061
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri “riskli ərazi” hesab edilən torpaqlarda tikilən qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir.

Azvision.az -ın məlumatına görə, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı paketdə belə evlərə kompensasiyanın ödənilməsi təklif olunur.
V.Bayramov qeyd edib ki, CESD qeydiyyatsız evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edir:

“Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyil. Bu “xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Buna görə də, əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində “göz yumublarsa”, niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir? Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarını daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər”.



Ekpsert qeyd edib ki, hazırlanan təkliflər “Əmlak amnistiyası”nı nəzərdə tutur: “Yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə sakinlərin köçürülməsi təmin edilsin”.

V.Bayramov əlavə edib ki, komsepsiyada inkişaf etməkdə olan ölkələrdə, o cümlədən, qonşu Türkiyə və Rusiyada tətbiq edilən təcrübədən istifadə oluna bilər.

“Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də, ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.

Azvision.az


Teqlər: Sənədsiz-ev   Kompensasiya   Kupça  





Xəbər lenti