80 dövlət əmlakı hərraca çıxarılıb

80 dövlət əmlakı hərraca çıxarılıb
  06 Avqust 2019    Oxunub:1885
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib.
Komitədən Azvision.az -a bildirilib ki, növbəti açıq və şəffaf hərracda kiçik dövlət əmlakları və qeyri-yaşayış sahələri üzrə sifariş vermiş investorlar iştirak edib. Bu dəfə özəlləşdirilən dövlət müəssisələri paytaxtla yanaşı Qazax və Zaqatala rayonlarında yerləşir. Hərracda iştirak üçün 2 sifarişin verildiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 103,6 kvadratmetrdir. Qeyri-yaşayış sahəsi 12 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən digər qeyri-yaşayış obyekti isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda yerləşir. Faydalı sahəsi 84,5 kvadratmetr olan dövlət əmlakını investor 8 min 500 manata özəlləşdirib.

Hərracda sahibini tapan dövlət müəssisələrindən biri Qazax rayonu, İkinci Şıxlı kəndindəki kiçik dövlət əmlakıdır. Ümumi faydalı sahəsi 378,7 kvadratmetr olan bu obyekt 451 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Zaqatala rayonu, Aşağı Tala kəndindəki dövlət əmlakının da geniş torpaq sahəsi ilə özəlləşdirilməsi onun fəaliyyət potensialını artırır. Belə ki, investorun 30 min manata özəlləşdirdiyi dövlət əmlakının torpaq sahəsi 6,7 min kvadratmetrdir.

Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək. Budəfəki hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hər kəsin elektron hərrac xidmətlərindən istifadə etməklə özəlləşdirməyə qoşulmaq imkanı var. Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə seçim, sifariş prosedurlarından keçərək iştirakçı statusu qazanmaq mümkündür.

Azvision.az


Teqlər: ƏMDK  





Xəbər lenti