Dövlət Komitəsindən daha bir yenilik

  23 Avqust 2019    Oxunub : 804
Dövlət Komitəsindən daha bir yenilik
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ənənəsinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Belə ki, artıq vətəndaş müraciətləri və qəbullar, komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə də aparılacaq.
Komitədən Azvision.az -a bildirilib ki, ƏMDK tərəfindən avqustun 23-də təqdimatı keçirilən yeni layihə vasitəsilə vətəndaşlarla birbaşa olaraq onlayn şəkildə qəbullar təşkil edilib və onları maraqlandıran bütün suallar canlı şəkildə cavablandırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, komitə innovativ üsullar ilə fəaliyyətini müasir formada təşkil edir. Sədr müavini qeyd edib ki, yeni layihənin tətbiqində məqsəd vətəndaş sorğularının daha operativ cavablandırılması, məmnunluq səviyyəsinin yüksəldilməsi, o cümlədən idarəetmədə nəzarət tədbirlərinin genişləndirilməsi, fəaliyyətdə effektivliyin artırılmasıdır.

Təqdimat zamanı LənkəranQəbələ ərazi dairələrindən olan vətəndaşların komitəyə gəlmədən virtual olaraq müraciətləri dinlənilib. Komitənin rəhbərliyi tərəfindən vətəndaşların müraciətləri operativ cavablandırılıb və həlli ilə bağlı yerli qurumlara tapşırıqlar verilib. Bu da vətəndaşların müvafiq bölgədən komitəyə gəlməsi, uzaq məsafə qət etməsi kimi məsələlərin aradan qaldırılmasına imkan verməklə, onların məmnunluğuna səbəb olub.

Gələcəkdə vətəndaşların xüsusi proqram vasitəsilə birbaşa komitənin rəhbər işçilərinə müraciət etmələri təmin olunacaq.

Layihənin digər unikallığı Komitə ilə regional qurumların fəaliyyətlərinə canlı bağlanmaqla nəzarət etmək, virtual konfransları keçirmək, baş verən hadisələrə tez bir zamanda reaksiya verməkdir. Həmin gün komitənin ərazi şöbələri ilə virtual iclas təşkil olunub. Mövcud vəziyyətlə bağlı operativ məlumat əldə edilib.

Bu layihə vasitəsilə dövlət əmlakından və torpaqlardan istifadə vəziyyəti öyrənilir və qanunvericiliyin pozulması hallarının operativ həll edilməsi təmin edilir. Görülən işlərlə bağlı komitənin regional ofislərində hazırlanan hesabatlar elektron qaydada göndəriləcək, nəticələr barədə müzakirələr canlı bağlantı ilə virtual iclas formasında aparılacaq. Bununla da yeni layihə görülən işlərdə çevikliyi artırmaqla, işçilərin ezamiyyə xərclərinin azaldılmasına və xərclərə qənaət edilməsinə imkan verəcək.

Məlumat üçün bildirilib ki, virtual vətəndaş qəbullarının keçiriləcəyi yer və tarix, o cümlədən vətəndaşları qəbul edəcək şəxslərin siyahısı Komitənin rəsmi saytında (emdk.gov.az) “Vətəndaşlar üçün” bölməsinin “Qəbul qrafiki” altbölməsində yerləşdiriləcək.

Qeyd edək ki, komitə tərəfindən hayata keçirilən innovativ tədbirlər bununla kifayətlənmir. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində “Özəlləşdirmə” portalının (“privatization.az”) istifadəyə verilməsi, “Elektron hərrac”ların keçirilməsi və istənilən vətəndaşın elektron imzadan istifadə edərək onlayn hərraca qatılmaq imkanı əldə etməsi bu sahədə məmur vətandaş ünsiyyətini minimuma endirməklə, şəffaf özəlləşdirmə imkanları yaradıb. Artıq portala baxış sayı 2,5 milyonu keçib.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkədə ilk dəfə daşınmaz əmlakla bağlı çıxarışların tam olaraq elektron çıxarışa keçilməsi təmin edilib. Artıq 55 minə yaxın “Elektron çıxarış” sahibi var. Eyni zamanda, dövlət rüsumu və xidmət haqqı barədə əvvəlcədən məlumat əldə etmək məqsədilə “Əmlakın qeydiyyatı kalkulyatoru” xidməti, vətəndaş məmnuniyyətinin ölçülməsi məqsədilə “Əks zəng” sistemi, təqdim edilmiş sənədlərin icra vəziyyəti ilə bağlı isə SMS-bildiriş xidməti fəaliyyət göstərir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaş rahatlığını təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları mütəmadi olaraq vətəndaşların birbaşa ünvanlarında davam etdirilir. Bu xidmətlərdən 250 mindən çox vətəndaş faydalanıb.

Bütün ölkə ərazisində daşınmaz əmlakın kadastr uçotunun aparılması və əldə olunan məlumatların rəqəmsal kadastr xəritəsinə köçürülməsi prosesi müvəffəqiyyətlə davam etdirilir. Artıq respublikanın 6 şəhəri və 40 rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb. 2020-ci ildə bütün ölkə üzrə Torpaqların Elektron Kadastr İnformasiya Sisteminin (TEKUİS) tam başa çatdırılması nəzərdə tutulur. Bununla belə, kadastr xidmətləri ilə bağlı tələb olunan xidmət haqqını öyrənmək üçün “Kadastr kalkulyatoru” xidməti, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin və məhsuldarlığın öyrənilməsi məqsədilə mobil torpaq laboratoriyaları istifadəyə verilib.

Vahid ünvan və rəqəmsal xəritə bazasında formalaşan Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) və sistemin məlumat bazası əsasında “Ünvan Portalı” yaradılıb. Bundan əlavə, ölkənin ilk milli GPS naviqasiya sistemi olan “AzNav” proqram təminatı hazırlanıb və indiyə qədər istifadəçilər tərəfindən yüklənmə sayı 500 mindən çox olub.

Torpaqlara dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Torpaq Səthinin Monitorinq Sistemi layihəsi işlənib hazırlanıb və layihə çərçivəsində torpaq səthində baş verən dəyişikliklər Peyk Nəzarət Sistemi və dron çəkilişləri vasitəsilə izlənilməkdədir.

Startap fəaliyyətinin həyata keçirilməsi sahəsində də işlər görülüb, ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə bütün sahələrdə yeni ideyaların və müasir texnologiyaların tətbiq edilməsi məqsədilə Komitədə “İdeya Bankı” yaradılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 46 xidmətin vahid məkandan həyata keçirilməsi məqsədilə 2019-cu ilin yanvarın 3-də Əmlak Xidmətləri Məkanı yaradılıb istifadəyə verilib. 2019-cu ilin yanvar-iyul aylarında məkanda ümumilikdə 160 minədək vətəndaşa xidmət göstərilib. Hazırda Gəncə və Xaçmaz şəhərlərində Əmlak Xidmət Məkanının tikintisi aparılır və ilin sonunadək onların açılması planlaşdırılır.

Komitədən bildirilib ki, yeniliklər bundan sonra da davam etdiriləcək.

Azvision.az

Teqlər: ƏMDK