Sığorta bazarının 7 aylıq göstəriciləri

  29 Avqust 2019    Oxunub : 683
Sığorta bazarının 7 aylıq göstəriciləri
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları sahəsində prioritet hədəflərindən biri də məhz sığorta sahəsinin tənzimlənməsinin həyata keçirilməsi, nəzarət sisteminin çevikliyinin və şəffaflığının təmin edilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə əsasında sığorta sahəsinin inkişaf etdirilməsidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra mühüm hüquqi, institusional və əməliyyat işləri həyata keçirilib. Aparılan islahatlar sığorta sahəsində sığorta haqlarının artmasına müsbət təsir edir.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.

2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində həyat yaşam sığortası üzrə sığorta haqlarının azalmasına baxmayaraq, qeyri-həyat sığortası üzrə həm könüllü (2% və ya 2.4 mln. manat), həm də icbari sığorta növlərində (8% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortası növündə tibbi sığorta üzrə 16%-lik (9.6 mln. manat) artım olub ki, bu da əsasən korporativ müştərilər tərəfindən tibbi sığorta məhsuluna tələbin artması ilə əlaqədardır.

Qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası ilə bağlı Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində tam avtomatlaşdırma təmin edilib. Sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində təxminən 100 faizlik penetrasiya əldə edilib. Hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da “Forma 4” sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır. Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4.4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3.1 mln. manat) artım müşahidə olunub.

Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üzrə 24% (4.1 mln. manat) artım olub. Bu artımın əsas səbəbi son dövrlər daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilmiş tədbirlərlə bağlıdır.

Mövcud sığorta məhsulları üzrə penetrasiyanın artırılması istiqamətində Palata, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), İSB və üç həyat sığorta şirkəti (“Paşa Həyat Sığorta” ASC, “Qala Həyat” Sığorta Şirkəti ASC və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC) arasında 28 sentyabr 2018-ci il tarixində bağlanmış Anlaşma Memorandumu nəticəsində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyul ayları ərzində 17% (4 mln. manat) artıb və bu sahəyə nəzarət gücləndirilib. Eyni zamanda, istehsalatda bədbəxt hadisələrin icbari sığortası üzrə məlumat mübadiləsinin təmin edilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası üçün Palata, İSB və ƏƏSMN tərəfindən birgə işlər görülüb və inteqrasiya prosesi tamamlanaraq bütün sığorta müqavilələri elektron formata keçirilib.

Keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat artım, tibbi sığortada isə 5.2 mln. manat azalma baş verib. Bu növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Azvision.az

Teqlər: Sığorta