ƏDV qeydiyyatını necə ləğv etmək olar?

ƏDV qeydiyyatını necə ləğv etmək olar?
  31 Avqust 2019    Oxunub:2591
ƏDV qeydiyyatında olan fiziki şəxsin bir neçə il heç bir fəaliyyəti yoxdursa, həmin şəxs ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, vergiödəyicisi ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv edilməsi vergiödəyicisinin vergi tutulan əməliyyatlarını tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı, vergiödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100 min manatdan çox deyilsə, nəzərdə tutulan hallar istisna edilməklə vergiödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd olunub ki, vergiödəyicisinin vergiyə cəlb edilən əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı aylar da daxil olmaqla) 100 min manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə ƏDV qeydiyyatı ləğv edilir.

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti