Son iki ildə ölkədə çəltik sahələri artıb
Bu il Biləsuvarın Səmədabad kəndi ərazisindəki çəltik sahələrindən ilkin gözləntilərə əsasən əldə olunacaq məhsul təxminən 4 milyon manata yaxın gəlir gətirəcək.
“Muğan düyü” MMC-nin Biləsuvar çəltikçilik təsərrüfatının rəhbəri Rövşən Əliyev deyib: “Biz artıq çəltik yığımına başlamışıq. Bu il ötən ildən fərqli olaraq, yığımı bir ay tez həyata keçiririk. Buna səbəb yeni sortlardır. Rusiyadan gətirilən yumru düyü “partnyor”, “favorit”, “polivik” sortları daha tez yetişir. Sahədə tam yetişkənlik olduğundan artıq 4 gündür yığım aparılır”.
Fermer və sahibkarlar məhsulun optimal müddətdə səpilib sağlam becərilməsi, eləcə də itkisiz toplanması məqsədilə zəruri tədbirlər görüblər. Ərazidə yüksək emal texnologiyası qurmaq məqsədilə hazırda təsərrüfat sahibləri müasir dəyirman layihəsi üzərində iş aparırlar. Layihə reallaşdıqdan sonra “Made in Azerbaijan” brendi ilə istehsal olunan yerli məhsul xarici bazarlara da asanlıqla çıxarılacaq.
Rövşən Əliyev bildirib ki, əsas məqsəd Dövlət Proqramına uyğun olaraq çəltikçiliyi inkişaf etdirmək və əhalini yerli düyü ilə təmin etməkdir: “İstəyirik ki, əhali təbii məhsullardan, yerli düyülərdən istifadə etsinlər. Ötən il 650 hektar sahədən 900 tona yaxın məhsul yığmışdıq. Bu il isə hesab edirəm ki, ondan iki dəfə artıq olacaq”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən Azərbaycana 51 min 60 ton düyü idxal olunub. Buna 36 milyon ABŞ dolları xərclənib. İl ərzində isə cəmi 8 min ton düyü istehsal edilib. Bu da mövcud potensial baxımından çox kiçik göstəricidir. Ölkə əhalisinin düyüyə illik tələbatı 40 min ton civarındadır.
Qeyd edək ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və digər məsələlər öz əksini tapıb. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40 sentner/hektar olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Azvision.az