Azərbaycan Parisdə Çay festivalında iştirak edəcək
“Parisdə çay kəndi” festivalında Azərbaycan məhsulları “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunacaq. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb.
ASC-nin əsas məqsədi kənd təsərrüfatı sahəsini, yerli kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, Azərbaycan istehsalı olan ərzaq və kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracında istehsalçılara kömək etməkdir.
Parisdə Saint Sulpice meydanında keçiriləcək beynəlxalq “Çay Kəndi” tədbirində iştirak da məhz Azərbaycan mədəniyyətinin və yerli çay növlərinin tanıdılması, yerli istehsal olan məhsulların ixracının stimullaşdırılması məqsədi daşıyır.
ATT tərəfindən tədbirdə qurumun “Kənddən Şəhərə” adı altında brendləşdirdiyi Zaqatala çayı və digər yerli çay növləri, çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənəcək, məhsulların dequstasiyası həyata keçiriləcək. Tədbirdə iştirak etməklə ATT ixrac potensialı böyük olan Azərbaycan məhsullarını tanıdacaq və bu məhsulların ixracının artırılması üçün görüşlər həyata keçirəcək.
Bundan başqa, yerli istehsalçıları dəstəkləmək məqsədi ilə yerli “Zaqatala çayı” istehsalçısı da tədbirdə iştirak edəcək. Tədbirin açılış mərasimi 26 sentyabr 2019-cu il tarixində 6-cı Paris bələdiyyə rəhbəri Jan Piyer Lökokun (Jean-Pierre Lecoq) və bir çox siyasi ictimai xadimlərin iştirakı ilə baş tutacaq.
Azvision.az