Növbəti “KOB Dostu” İmişlidə fəaliyyətə başlayıb
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.
İmişli "KOB Dostu" sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən O.Məmmədov “KOB Dostu” şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.
Azvision.az
Teqlər: KOB-Dostu