Şabranda 25 km yol yenidən qurulur

Şabranda 25 km yol yenidən qurulur
  10 Oktyabr 2019    Oxunub:2098
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur.

Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu torpaq əsasdan-çınqıl örtükdən ibarət olmaqla keçən əsrdə salınıb və əsaslı təmir olmadan istismar olduğundan nəqliyyat vasitələrinin intensiv hərəkətində çətinliklər yaranmışdır. Hazırda bu çətinliklər geridə qalır.

Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.

Torpaq yatağının tikintisi bitən kimi optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işlərinə başlanılıb. Marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa 2 yerdə düzbucaqlı su keçidi, həmçinin 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihə üzrə yerinə yetirilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına da start verilib. Asfaltlanma işləri yolun 150 min kv.m-dən çox sahəsini əhatə edir.

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 25 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti