Bakı Limanı “yaşıl liman” adını qazanıb

  17 Oktyabr 2019    Oxunub : 871
Bakı Limanı “yaşıl liman” adını qazanıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) PERS - "EcoPorts" sertifikatına layiq görülüb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azvision.az -a verilən məlumata görə, Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk liman oldu. Liman Ətraf MühitinTəhlili Sistemi (PERS), Avropanın liman sektorunun ətraf mühitinin qorunması mövzusunda məlumatlılığı artıran və limanların davamlı inkişaf hədəflərinə çatmasına kömək edən xüsusi bir standartdır. Sözügedən sertifikatda qabaqcıl texnologiyaların, xüsusilə enerji istifadəsi, tullantıların idarə olunması, havanın keyfiyyəti, rəqəmsallaşdırma və avtomatlaşdırma sahələrində tətbiqini təşviq edir.

Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimi zamanı, Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd etdi ki, "Bakı Limanı üçün EcoPort olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatın alınması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir. Ekoloji yönəlik siyasəti ilə Bakı Limanı bölgədəki digər limanlara nümunə olmağa davam edəcək."

ESPO-nun Baş katibi İzabel Rikbost, Bakı Limanını PERS sertifikatını almasına görə təbrik etdi və qeyd etdi: "Liman rəhbərliyi üçün yerli icma ilə əlaqələr son dərəcə vacibdir və “EcoPorts” liman sektorunun şəffaflığının və hesabatlılığının daha da artırılmasına kömək edir. EcoPorts'un ekoloji standartı limanın ətraf mühit siyasətini ictimaiyyətə açıq olması və yerli ictimaiyyətə məlumat verilməsini nəzərdə tutur. Bakı Limanının sertifikatlaşdırılması ilə nəinki liman yeni üfüqlər açır, həm də “EcoPorts” şəbəkəsi şərqə doğru daha da genişlənir ".

Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 “EkoPorts” fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi siyasətində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahibdir. Bununla yanaşı, BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş proseslərində və əməliyyatlarında inteqrasiya edib.

Avropa və Asiyanın strateji qovşağında və Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanı Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilmək niyyətindədir. Bu, Azərbaycanın qeyri-neft sektorunu şaxələndirmək məqsədilə apardığı daha geniş strategiyanın bir hissəsidir.

Azvision.az

Teqlər: Bakı-Limanı