Pakistan Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Pakistan Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
  21 Oktyabr 2019    Oxunub:2146
“Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir”.
Azvision.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan və bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla görüşən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni deyib.

Qonağı səmimi qəlbdən salamlayan nazir Azad Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb.



Nazir Azad Rəhimov qeyd edib ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda, qeyd olundu ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək.

Gənclər sahəsi haqqında qonağa məlumat verən Azad Rəhimov, Gənclər və idman nazirliyi tərəfindən uzun müddətdir ki, müxtəlif ölkələrdə gerçəkləşdirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də aktiv iştirak etdiklərini və qaliblərin dəfələrlə Azərbaycana səfər etdiklərini diqqətə çatdırıb.



Azərbaycana qonaqpərvərliyi üçün xüsusi təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni, Azərbaycanın idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu bildirib. Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söyləyib.

Qonaq bildirib ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən xanım Fehmida Mirza Ni, işləniləcək idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğuladı.



Xanım Fehmida Mirza Ni, Azərbaycan və Pakistan idmançılarının müxtəlif idman növlərində təlim məşq toplnatılarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirmənin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın həddən ziyadə əsrarəngiz ölkə olduğunu və turizm potensialının da çox inkişaf etidiyini söyləyən qonaq, Pakistanlıların son illərdə bu ölkəyə göstərdikləri böyük maraqdan da xüsusi söz açıb.



Daha sonra, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumunun imzalanıb.



Sonda qonağa xatirə hədiyyələri təqdim olundu.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Pakistan   İdman  





Xəbər lenti