9 ayda 2 tona yaxın narkotik dövriyyədən çıxarılıb

9 ayda 2 tona yaxın narkotik dövriyyədən çıxarılıb
  21 Oktyabr 2019    Oxunub:1833
Bu ilin doqquz ayında ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilib.
Dövlət Komissiyasından Azvision.az -a verilən məlumata görə, cari ilin doqquz ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3660 fakt aşkarlanıb. Onlardan 1071-i narkotik vasitələrin qanunsuz satışı, 2290-ı qanunsuz əldə edilib saxlanılması, 261-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 38-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə 1 ton 974 kiloqram 622 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 247 min 964 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə 369 kiloqram 500 qram prekursorlar, 236,2 qram güclü təsir edən maddə, 12 kiloqram 500 qram zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 685 kiloqram 111 qramını marixuana (34,6 faiz), 247 kiloqram 532,6 qramını tiryək (12,5 faiz), 813 kiloqram 888 qramını heroin (41,2 faiz), 21 kiloqram 433,1 qramını həşiş (1 faiz), 4 kiloqram 9,185 qramını kokain (0,2 faiz), 202 kiloqram 647,6 qramını psixotrop maddələr və digərləri (10,2 faiz) təşkil edib.

Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 hektar 288 sot ərazidə 126 ton 844,9 kiloqram (247 min 964 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

Cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilib. Onlardan 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB ölkələrinin vətəndaşı olub. Əcnəbilərdən 55-i İran, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kiloqram müxtəlif növ narkotik vasitə götürülüb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 31 min 432 nəfər qeydiyyatda olub. Onlardan 26 min 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmin şəxslərdən 626 nəfəri qadın, 227-si toksikoman, 21 min 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

Bu ilin doqquz ayında 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanıb. Onlar müvafiq qeydiyyata götürülüblər.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında cari ilin doqquz ayında İİV-ə yoluxma hallarının 9,9 faizi, ümumiliklə isə 1987-ci ildən 2019-cu il oktyabrın 1-dək yoluxma hallarının 41,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkarlanmış 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olublar. Onların da 2564 nəfəri (79,3 faiz) dispanser qeydiyyatına götürülüblər.

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilib. Bu ilin doqquz ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9 faiz) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azvision.az


Teqlər: Komitə   Narkotik  





Xəbər lenti