“Polis kübar və mədəni davranış nümayiş etdirib” - Avrokomissara cavab

   “Polis kübar və mədəni davranış nümayiş etdirib” -   Avrokomissara cavab
  21 Oktyabr 2019    Oxunub:3292
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatının şərh edilməsi ilə bağlı KİV-in ünvanladığı sualı cavablandırıb.
Azvision.az xəbər verir ki, XİN rəsmisi açıqlamasında deyib: “Gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub. Vurğulamaq istərdim ki, bir qrup insanın sərbəst toplaşmaq hüququ digər qrup insanların hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Bunu hamıdan yaxşı Avropa Şurasının İnsan hüquqları Komissarının bilməsi gərəkdir.

Oktyabrın 19-da bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilmişdir. Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd etmişlər və hüquq mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olmuşdur. Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almamışdır. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdır, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcəkdir.

Komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı.

Bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir.

Bir daha vurğulayıram ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur və ölkənin hüquq mühafizə orqanlarının əsas vəzifəsi məhz bu azadlıqların keşiyində durmaqdır”.

Azvision.az


Teqlər: XİN   Aksiya   Mitinq  





Xəbər lenti