Büdcənin 9 aylıq gəlir və xərcləri açıqlandı

Büdcənin 9 aylıq gəlir və xərcləri açıqlandı
  23 Oktyabr 2019    Oxunub:2189
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 16 milyard 871,2 milyon manat, xərcləri 16 milyard 690,6 milyon manat olub, 180,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 9 ayda dövlət büdcəsinin mədaxili 16 milyard 871,2 milyon manat icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və yaxud 780,6 milyon manat çoxdur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 608,5 milyon manat məbləğində daxilolmalar təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,6 milyon manat çoxdur. Həmin vəsaitin 70 faizi və yaxud 3 milyard 928,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni aylarına görə 438,6 milyon manat və ya 12,6 faiz çoxdur.

Doqquz ayda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 250,1 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz və yaxud 649,7 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 377,2 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz və ya 55,7 milyon manat çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 99,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 milyon manat və ya 32,9 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 536 milyon manat vəsait transfert edilib. İyul-sentyabr aylarında dövlət büdcəsinin mədaxil proqnozu 6 milyard 465,7 milyon manat icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 190,4 milyon manat və ya 3 faiz çoxdur.

Doqquz ayda dövlət büdcəsinin xərcləri 16 milyard 690,6 milyon manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya 1 milyard 024,6 milyon manat artıqdır.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk 9 ayında dövlət büdcəsi xərclərinin 35,3 faizi və ya 5 milyard 888,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 478,6 milyon manat çoxdur.

Doqquz ayda dövlət büdcəsi xərclərinin 8 milyard 948,5 milyon manatı və ya 53,6 faizi cari xərclərə, 6 milyard 320,6 milyon manatı və ya 37,9 faizi əsaslı xərclərə, 1 milyard 421,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5 milyard 739,6 milyon manat icra olunub. Yanvar-sentyabr aylarında icmal büdcənin gəlirləri 25 milyard 566,7 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 694,3 milyon manat və ya 7,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 17 milyard 963,6 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon manat çoxdur. İcmal büdcədə 7 milyard 603,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Azvision.az



Teqlər: Büdcə  





Xəbər lenti