“Azexport.az”a 436 milyonluq ixrac sifarişləri daxil olub

  30 Oktyabr 2019    Oxunub : 541
“Azexport.az”a 436 milyonluq ixrac sifarişləri daxil olub
Doqquz ayda “Azexport.az” portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilib.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4 faiz artıb. Bu ilin sentyabrında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon dollar təşkil edib.

Yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2 faiz), Türkiyə (5,8 faiz), Hindistan (5,7 faiz), ABŞ (5,6 faiz) və İngiltərə (5,1 faiz) qərarlaşıb.

Sentyabrda “Azexport.az” portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və sair məhsullara daxil olub.

2017-ci ilin yanvarından bu il sentyabrın 30-dək (33 ay ərzində) “Azexport.az” portalına 136 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon dollar təşkil edib.

Azvision.az

Teqlər: Azexport.az