Qarabağa səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq

 Qarabağa səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq
  20 Noyabr 2019    Oxunub:3013
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edilib.
Azvision.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır. Azərbaycanın bu ərazilərdə yaşayan 1 milyona yaxın əhali məcburi köçkünə çevrilib.

BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər.

Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

Azərbaycan dövləti bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.

Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar".

Azvision.az


Teqlər: Azərbaycan   Qarabağ  





Xəbər lenti