XİN rəhbəri Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirib

  30 Dekabr 2019    Oxunub : 1426
 XİN rəhbəri Gürcüstanla sərhəd məsələsinə aydınlıq gətirib
Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yerli jurnalistlərə müsahibəsində deyib.

Nazir xatırladıb ki, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir: “Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış 166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir.

Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Məmmədyarov