“Bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından xəstəlik geniş vüsət alır” - Prezident

 “Bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından xəstəlik geniş vüsət alır” -    Prezident
  31 Mart 2020    Oxunub:8411
Azərbaycan dövləti bütün lazımi tədbirləri görüb. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə. Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkəmizin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir.

“Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”, - deyə Prezident bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti