Neft böhranı: Rusiya və Səudiyyə razılığa gələ bilmir

  07 Aprel 2020    Oxunub : 2208
 Neft böhranı: Rusiya və Səudiyyə razılığa gələ bilmir
Rusiya və Səudiyyə Ərəbistanı qiymət böhranını aradan qaldırmaq üçün neft hasilatının azaldılması şərtləri barədə razılığa gələ bilmirlər.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, tərəflər hasilatın sutkalıq on milyon barel həcmində olmasına dair razılığa gəliblər, lakin bu həcmin anlaşma iştirakçıları arasında necə bölüşdürüləcəyi barədə fikirayrılığı yaranıb.

Bundan əlavə, Rusiya bu ilin birinci rübü üçün orta istehsal səviyyəsinə görə kvotaların tətbiq olunacağını gözləyir, Ər-Riyad isə OPEC ölkələrinin hasilatı artırdıqdan sonra kvotanı hazırkı səviyyələrə əsaslanaraq hesablamağı təklif edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft hasilatını 9,8 milyon bareldən 12,3 milyon barelə qədər artırıb, Rusiya isə 11,3 milyon barel səviyyəsində saxlayıb.

Hər iki tərəf ABŞ-ın razılaşmaya qoşulmasını istəyir, amma Vaşinqtonun hasilatı azaltmaqla bağlı mövqeyi potensial iştirakçılara hələ də aydın deyil.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Neft   Rusiya   Səudiyyə-Ərəbistanı