Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb

  11 May 2020    Oxunub : 3274
Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində mərasim keçirilib. Mərasimin açılışında Ümummilli liderin büstü önünə güllər qoyulub və əziz xatirəsi yad edilib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, sonra çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi naminə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar barədə danışıb.

O, Ümummilli liderin həmin qərar və addımlarının Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında rolunu xatırlayıb. Bu xüsusda COVİD-19 pandemiyası ilə mübarizədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan hökumətinin atdığı qəti addımlar nəticəsində vəziyyətin nəzarət altına alınması, yoluxan insanların səmərəli müalicəsi və bunun dünyada uğurlu modellərdən biri olmasının da bünövrəsini Ümummilli liderin qurucusu olduğu müstəqil dövlətçilik ənənəsinə əsaslandığı vurğulanıb.

Səfirlik həmçinin Ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Qida Bankına (Capital Area Food Bank) da Azərbaycan adından ianə edib. Qida Bankının rəhbəri Radha Muthiah Səfirliyimizə təşəkkür məktubu göndərib və məlumat verib ki, Azərbaycan tərəfinin ianəsi yemək ehtiyacı olan şəxslərə ərzaq yardımı üçün sərf ediləcək.

Xatırladaq ki, 1980-ci ildən Vaşinqtonda fəaliyyət göstərən Qida Bankı ABŞ paytaxtında qidaya ən çox ehtiyacı olan insan və icmalara sağlıqlı ərzaq yardımı edir.

Dövlətimiz tərəfindən bu ianə müqəddəs Ramazan ayının mahiyyətinə uyğun olaraq və Ümummilli liderimizin, xalqımızın və dövlətimizin mərhəməti, tolerantlığı və multikulturalızmə sadiqliyinə əsaslanaraq irqindən və dinindən asılı olmayaraq ehtiyacı olanlara yardım etmək siyasəti çərçivəsində edilib.

Azvision.az

Teqlər: Heydər-Əliyev   Ulu-Öndər   Vaşinqton