Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı

 Prokurorluq Salyandakı insidentlə bağlı məlumat yaydı
  16 İyun 2020    Oxunub:3709
İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.
Salyan rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti