Qəbələdə 310 metr uzunluğunda körpü tikildi - FOTOLAR
Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, 2019-cu ildə Qəbələ rayonunun 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 km uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 km-lik məsafənin qısaldılması məqsədi ilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Azvision.az