Budapeştdə Azərbaycan Ordusuna dəstək aksiyası

 Budapeştdə Azərbaycan Ordusuna dəstək aksiyası
  18 İyul 2020    Oxunub:6063
Budapeştdə Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə böyük aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, Qəhrəmanlar Meydanında gerçəkləşdirilən aksiya "Qardaşlıq" Macar-Azəri Dostluq Cəmiyyəti, Macarıstan-Azərbaycan Gənclər Birliyi və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan və Türk diasporlarının üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər. Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycanındır!", "Ermənistanın təcavüzünə son!" və sair şüarları tutan aksiya iştirakçıları Tovuz cəbhəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Mitinqdə çıxış edənlər Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu, xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırımı törətdiyini, dövlət sərhədində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğunu bildirərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini işğalçı dövləti cəzalandırmağa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıblar.

Aksiya bəyanatın oxunması ilə başa çatıb.

Azvision.az



Teqlər: Budapeşt  





Xəbər lenti