Pandemiya zamanı stress necə idarə edilməlidir?
Azvision.az -ın məlumatına görə, nazirlik yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva deyib ki, COVİD-19 infeksiyasının yayılması əhalinin bütün təbəqələrinə təsir göstərib.
"Stress - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı qoruyucu reaksiyasıdır. Stressin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stress (distress) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər. İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stressə davamlılığımız çox şeyə qadirdir və müəyyən dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distressin öhdəsindən gələ bilmir və bu, öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distress fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm”.
Günel Əliyeva qeyd edib ki, stressə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur. Bütün bu amillər distressin azalmasına və psixi vəziyyətin yaxşılaşmasına təsir edir:
"İlk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır: "Əslində stressin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə özünüzü səfərbər edib, müxtəlif yollarla stress müqavimətinizin səviyyəsini artırmalısınız. Bunun ən effektiv üsulları bunlardır: fiziki (gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa), mental: (müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq ) və emosional: (sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək)".
Azvision.az
Teqlər: Pandemiya Stress Nazirlik