Ağdamda minaatan mərmiləri və patronlar tapıldı

Ağdamda minaatan mərmiləri və patronlar tapıldı
  01 Avqust 2020    Oxunub:4049
30 iyul tarixində saat 15:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində köhnə tikilidə təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 30-31 iyul tarixlərində köhnə tikilidə təmir-tikinti işləri aparılan hissənin zirzəmisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 90-cı illərdən qalmış 2 ədəd İran istehsalı 81 mm-lik minaatan mərmisi (silahdan atılmamış), 65 ədəd 7.62 mm-lik və 216 ədəd 5.45 mm-lik patronlar (təkrar istifadəyə yararsız) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin və patronların ətrafında 800 kv.m əraziyə yerüstü, 290 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti