Qurdların səssizliyi: Niyə türk dövlətləri Türkiyəni Aralıqda tək qoyurlar?! - TƏHLİL

      Qurdların səssizliyi:    Niyə türk dövlətləri Türkiyəni Aralıqda tək qoyurlar?! -    TƏHLİL
  11 Sentyabr 2020    Oxunub:12175
Prezident İlham Əliyevin bu ayın əvvəlində Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni bütün məsələlərdə olduğu kimi, Şərqi Aralıq dənizindəki gərginlikdə də dəstəklədiyimizi açıq şəkildə bəyan etməsi Azərbaycanın qlobal, həmçinin regional qütbləşmə prosesində ortaya açıq mövqe qoyması idi.
Prezidentin həmin görüşdə Türkiyəyə dair fikirləri bir daha xatırlayaq: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanıb. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaranmış mübahisədə Ankaranın tutduğu mövqe beynəlxalq hüquq normalarına uyğundur. Belə ki, Türkiyə ilə Liviyanın dünya birliyi tərəfindən tanınmış hökuməti arasında imzalanmış memorandumla hər iki ölkələnin dənizdəki fəaliyyət sahələri müəyyən edilib və Ankara bu sərhədlər çərçivəsində öz maraqlarını müdafiə edir. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də məsələyə dair ölkəmizin mövqeyini səsləndirərərkən bu məqama xüsusi diqqət çəkib. “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Bu məntiqlə əslində bütün dünya dövlətləri Türkiyənin beynəlxalq hüquqa söykənən haqlı mövqeyini dəstəkləməli olduqları halda, bu addımı atmırlar. Türkiyənin haqlı mövqeyini dəstəklədiyini açıq şəkildə bəyan edən, buna cəsarəti çatan yeganə dövlət lideri İlham Əliyevdir. Hətta Türkiyə ilə strateji siyasi tərəfdaş hesab edilən dövlətlər, həmçinin, eyni dil, din və tarixi paylaşan türkdilli Orta Asiya ölkələri və Qazaxıstan belə bu addımı atmaqdan çəkindilər.

Aralıq dənizi ətrafında yaranmış gərgin vəziyyətdə açıq görünən mənzərə ondan ibarətdir ki, beynəlxalq hüquq normaları Türkiyədən başqa heç bir dövlətin yadına düşmür. Fransa, Yunanıstan və İtaliya Şərqi Aralıq dənizi regionuna heç bir siyasi-hüquqi aidiyyatlarının olmamalarına baxmayaraq, bölgədə hərbi təlimlər keçirir və bununla qardaş ölkəyə güc nümayiş etdirməyə çalışırlar.

Artıq yuxarıda qeyd olunduğu kimi, Aralıq dənizindəki konfrontasiya yeni geosiyasi qütbləşmənin simvolik başlanğıc nöqtəsi hesab oluna bilər və bu yeni qütbləşmə ənənəvi şərq-qərb ayrımcılığı üzərində deyil, yeni və fərqli dəyərlər kontekstində formalaşmaqdadır. Britaniyanın AB-ni tərk etməsi, Fransanın NATO-ya qarşı üsyanı və Rusiya ilə işbirliyi, Yaxın Şərq və postsovet məkanında gedən siyasi proseslər fonunda ölkələrin mövqe dəyişimi, ABŞ-ın Şərqi Avropada hərbi iştirakının genişlənməsi kimi son onillikdə gedən qlobal siyasi prosesləri yeni qütbləşmənin tərkib hissəsi kimi qiymətləndirmək olar.

Çırpınırdı Aralıq dəniz... – TƏHLİL


Yeni qlobal qütbləşmənin dəqiq konturları hələ ki, tam müəyyən olunmasa da, İlham Əliyevin birmənalı şəkildə Türkiyənin yanında olduğunu bildirməsi o deməkdir ki, Azərbaycan yeni dünya düzənində özünü Türkiyənin təmərküzləşdiyi mərkəzdə görür. Neft-qaz ehtiyatları ilə zəngin, əsas qlobal nəqliyyat xətlərinin kəsişdiyi nöqtədə yerləşən Azərbaycanın Türükiyəyə dəstəyi tək dostluq-qardaşlıq jesti kimi deyil, eyni zamanda, geosiyasi anlamda Türkiyənin yer alacağı siyasi qütbə daha çox marağın artmasına da səbəb olacaq faktor kimi qavranılmalıdır.

Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan kimi türkdilli ölkələrin belə bir məqamda Türkiyəni dəstəkləməmələrinin səbəbi onların ya hələ də siyasi mövqelərini müəyyən edə bilməmələri, ya da Rusiyanın dayandığı qütbdə yer almaq fikrində olduqlarını göstərir. Təbii ki, bu ölkələr Rusiya və Çinin iqtisadi-siyasi asılılığında qalmaqdadırlar və bu səbəbdən öz iqtisadi maraqlarının zədələnməsindən ehtiyatlanırlar. Bununla belə, dostluq-qardaşlıq və strateji tərəfdaşlıq jesti, yaxud, beynəlxalq hüququn aliliyinin tərəfdarı kimi Türkiyənin mövqeyinin diplomatik dillə ümumiləşdirilmiş qaydada dəsklənməsi Ankaranın beynəlxalq arenada legitimliyinin qüvvətləndirilməsində rol oynaya bilərdi. Görünür, Qazaxıstan və Orta Asiya ölkələrinin özləri də bu məsələdə fəallıq göstərməyə bir o qədər həvəsli deyillər. Bu isə, təəsüf ki, türk birliyi ideyasının ruhuna ziddir.

Tofiq Vahid
Azvision.az



Teqlər:   Türkiyə   Şərqi-Aralıq   Türkdilli-dövlətlər  





Xəbər lenti