Lent.az-da bir gün- redaksiyadan isti REPORTAJ

Lent.az-da bir gün- redaksiyadan isti REPORTAJ
  06 Fevral 2014    Oxunub:6309
AzVision.az “Redaksiyada bir gün adlı” yeni layihəyə start verir. Adından da göründüyü kimi, layihənin məqsədi kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir iş gününü mətbutda işıqlandırmaqdır.

İlk mənzilimiz isə Lent.az informasiya agentliyi oldu. Qarlı həftəni aşaraq nəhayət ki, Xətaidə “APA Holding”in nəzdində yerləşən Lent.az-a gəlib çıxa bildik...Yollar sürüşkən, biz isə tələskən.

Qapıda bizi mühafizəçi Elşən qarşıladı. Lent.az-a gəlmişik deyəndə, tez əlini dəstəyə atdı və “pilləkənlərdən sola gedin” deyərək yolu göstərdi. Bir anlıq nə üçün gəldiyimizi unutdum, ta ki Lent.az-ın qapısına çatıb Qabil Abbasoğlunu görənədək...Artıq bu kiçik otaqdakı isti havadan münasibətlərin də isti olduğunu sezmək çətin deyildi...İsti havanı ciyərimizə çəkdik və boğazımızı hava ilə yaşladıq...
Agentliyin baş direktoru Qabil Abbasoğlu işinin çox olmasına baxmayaraq, bizi redaksiyaya, redaksiyanı da bizə təqdim edir:

“Nizam deyirsə salamatçılıqdı, deməli vəziyyət çox pisdir”

-Qabil müəllim, bu gün necə gündür?

-Hər gün xəbər günüdür mənim üçün. Xəbər olmayan gün pis gündür. İnsan kimi təbii ki, bədbəxt bir hadisənin xəbəri ağrıdır adamı. Amma, xəbərsizlik bundan da pisdir. Burada lətifəyə dönmüş bir ifadəm də var. Əgər səhər-səhər Nizamdan nə var, nə yox soruşuramsa, Nizam deyirsə salamatçılıqdı, deməli, vəziyyət çox pisdir. Deməli, xəbər yoxdur”.

“Heç bir psixoloji pozuntumuz yoxdur ki, kriminal xəbərlərə bilərəkdən üstünlük verək”



-Belə fikirlər tez-tez səslənir ki, Lent.az kriminal xəbərlərə üstünlük verir.

- Vallah inanın ki, o bizim seçimimiz deyil, nə də ki, redaksiyanın siyasəti deyil. Vaxtaşırı olaraq, biz belə qərarlar da qəbul edirik ki, bu cür xəbərləri önə çıxartmayaq. Amma neyləyək ki, ölkədə belə hadisələr çoxdur və ən mühümü odur ki, bu tip xəbərlər ən əlçatan xəbərlərdir. Ölkədə başqa sahədən xəbər almaq daha çətindir, nəinki kriminal sahədən. İstənilən jurnalist bir zənglə gündəlik kriminal xronikanı ala bilər. Yaxud, həmin xəbəri Daxili İşlər Nazirliyinin rəsmi saytından götürər. Əlçatan xəbərlər olduğuna görə, biz kriminal xəbəri rahatlıqla əldə edib verə bilirik. Yəni, bu qədər kriminal xəbər verməyimizə başqa heç bir səbəb yoxdur. Heç bir psixoloji pozuntumuz da yoxdur ki, biz o tipli xəbərlərə bilərəkdən üstünlük verək.

“Sən məni sevməyə bilərsən, amma hörmət etmək sənin borcundur”

-Hərənin bir dili var, hamını idarə etmək çətin deyil ki? Qabil müəllim, hansı metoddan istifadə edir?

-Metodlarımı açmaq fikrim yoxdur, burada yerimə potensial namizədlər var(gülür). Zarafat edirəm təbii ki. Birinci növbədə insan amili. Mənim üçün öndə duran məsələ budur. İşlədiyimiz hər bir əməkdaş ilk növbədə insandır. Onun hissləri, hüquqları, vəzifələri var. Həmin vəzifələri yerinə yetirməlidirlər. Əlbəttə, çətinliklər də olur, bəzən əsəbiləşirəm də. Hətta, səsimi qaldırdığım anlar da olub. Bu günə kimi Lent.az-da kimlər çalışıbsa, kifayət qədər bacarıqlı, peşəkar jurnalistlər olub. Mən bu cür insanlara yalnız ona görə əsəbiləşə bilərəm ki, gözləmədiyim səhvi etsinlər. Yəni, o səhvi edirlər ki, onu etməməlidirlər. Çünki, o bacarığın, qabiliyyətin sahibi, peşəkarlığa malik bir adam o cür səhvi etməməlidir. Yalnız, təəssüf hissi keçirirəm onda. Bir də ki, mənim üçün mühüm olan kollektivdəkilərin bir-birinə hörmətlə yanaşmalarıdır.
Məşhur bir deyim var, “sən məni sevməyə bilərsən, amma hörmət etmək sənin borcundur”. Hörmət, müəssisə daxilində kollektivi bir-birinə bağlayan, korporativ ortaq maraq hissini yaradan yeganə məsələdir. Hətta, mən bir-iki dəfə əsəbiləşəndə belə ifadə işlədirdim ki, polis kimi davranmağa məcbur etməyin.
Elə etməyin ki, rəhbər sizinlə hər gün yüksək səslə, sərt metodlarla davransın. Bilirsiniz, o rəhbərin özünü də aşındırır. Açığı deyim, meylliyəm buna. Çünki, obyektiv səbəblərdən gərginliyin stressin içindəyik. İnsanlar indi daha çox əsəbiləşməyə, qışqırıb bağırmağa meyllidir. Onu eləmək çox da çətin bir şey deyil. Amma hesab edirəm ki, kollektivin içərisində bu cür rəftar olsa, o kollektivin işinə mənfi təsir edə bilər, bütün o bağlar qırılıb sıradan çıxar”.

“Onları vicdanının öhdəsinə buraxıram”



-Bəs arada bir cəza üsulu kəsirsiniz?

-Əlbəttə ki, cəza var. Bir rəhbər kimi mənim də üzərimə düşən vəzifələr, məsuliyyətlər var. O vəzifə və məsuliyyəti yerinə yetirməyə xələl gətirən hansısa addım varsa, əməkdaşlar və ya redaktor arasında, mən xəbərdarlıq edirəm ki, bu cür etməyin. Mənim zənnimcə, insana ən böyük cəza onu vicdanının öhdəsinə buraxmaqdır. Hesab etmirəm ki, bu divarların içərisində vicdanı yatmış insanlar var.

“Lent.az kollektiv olaraq elə bir mərhələyə gəlib çatıb ki, artıq “Lent.az məktəbi” deyilən bir şey formalaşır”.



-Baş direktor hər birini hadisə hesab etdiyi işçilərini bizimlə tanış edir:

-“Səbuhi illərin içərisindən keçib gəlmiş jurnalistika məktəbidir. Kamalə böyük təcrübəyə malik səbrli bir jurnalistdir, redaktordur. Mahir Mehdi tamam başqa bir dünyanın adamıdır, şairdir, yaradıcılığına çox böyük hörmətim var. Elşən Məmmədli idman müxbirimizdir, öz sahəsini kifayət qədər dərindən bilir. Yanında oturan Anar Məcidzadə çox uğurlu debutantdır. Ən əsası informasiya bankıdır adam. Azərbaycanda istənilən tanınmış şəxsin haqqında bir sualla Anar Məcidzadədən minimum da olsa informasiya ala bilərsən.
Çox intizamlıdır. Şairliyi də varki, oda məncə onu Mahir məllimə bağlayan əsas səbəbdir.(gülür)Ləman redaksiyamızın sonbeşiyidir, sonuncu gələn odur. İşçimiz kimi tələbkarıq, uşağımız kimi də sevirik. Nizam püxtələşmiş jurnalistdir. Öz sahəsində istənilən həmkarına meydan oxumağa hazırdır. Xaliq webredaktorumuz öz zəhmətkeşliyi ilə seçilir. İşin ən əziyyətli, zəhmətli hissəsi ondadır. Tez-tez bəzi redaktorların yerinə göz dikdiyini də gizlətmir (gülür). Onların əlindən, gözündən keçən yazıları redaktə edir və yüksək səslə mənə elan edir (yenə gülür).Və məndə ona demişəm ki, redaktorların yeri boşalanda sənin haqqında bir şey düşünərəm. Anar Gəraylı bizim redaksiyanı Azərbaycan siyəsətinə bağlayan yeganə adamdır, istedadlı jurnalistdir. Yalçın şou müxbirimizdir, amma daha çox çalışması tələb olunur, çünki gəncdir.

Qabil müəllimin işçiləri bizə qiyabi təqdimatından sonra, onlarla daha yaxından tanışlığa başladıq.



Başladıq sosial sahədən yazan, həmişə kiməsə “pas atan”( İş yoldaşı Yalçın onu belə çağırır) Anar Məcidzadədən.

-Nə yazırsan Anar?

-Sosial xəbər yazıram.

İş yoldaşları qımışa-qımışa Anarın şeir yazdığını da deyir.

-Öz şeirlərini oxuyursanmı burdakılara?

-Mən yox, amma burdakılar şeirlərimi kulis.az-a girib oxuyurlar hərdən.

İş yoldaşlarının söhbət zamanı qımışması isə bir azdan aydın oldu. Deməli, Anar bir jurnalist xanıma “Qara qız” adlı şeir yazıb. Və o jurnalist xanım da bu Holdingdə çalışıb. Bunu isə bizə heç kim demədi, ta ki Anar öz dilindən qaçırmayanadək: “Mən o şeiri burdakı qıza yazmamışam, yalan deyirlər”.

Amma bu son deyil... Anarla söhbətimizin sonunda onu da öyrəndik ki, Anar xəbər yazmaqla yanaşı, iş yoldaşı Xaliqə linklər göndərməklə də məşğuldur... Nə linklərdir, day onu açıb-ağartmırıq, özünüz tapın.

İsti otaq soyuq havadan gələn bizi həddindən artıq isitsə də, kriminaldan yazan 27 yaşlı Nizam Rza soyuqqanlı şəkildə ölənlərdən, qalanlardan xəbər axtarırdı.




-Nizam, ölən var?

-Bakıda özünü yandıran 24 yaşlı qız öldü də.

-Bu qədər kriminal yazmaq, sənin psixologiyana təsir etmir ki?

-Ən birinci dəfə kriminal xəbər yazanda ağ paltarlı bir qadın yuxuma girmişdi. Qurumuşdum yuxumda. Buna baxmayaraq, o yuxudan sonra, 4 ildir ki, kriminal xəbər yazıram.( gülür) Mənə dedilər ki, kriminaldan yaz, dedim başım çıxmır axı, mən indiyə kimi kriminal xəbər yazmamışam. Axır basdılar, itələdilər kriminala , elə burada da qaldım.

-Öz sahəndə rəqabət aparırsanmı?

-Əvvəllər bu sahədə boşluq var idi deyə rəqabət az idi. Kriminaldan yazan müxbir ya iki, ya üç nəfər olardı. Xəbərin üstünə hücum eləyən, şığıyan adamlar az idi. İndi saytlar da çoxdu, rəqabət də artıb. İndi qaynar hadisə yerindən kimsə xəbər eşidən kimi, görən kimi facebookda status yazır. İnformasiyanın yaranma surəti o qədər çoxdur ki, onu tez çatdırmaq üsulu çox çətindir. Rəqabət aparmıram, hamının öz istiqaməti var. Mən qaynar xəbər istiqamətindəyəm. Mən hamısını öz dırnaqlarımla edirəm. Yəni, mənə başqaları kimi demirlər ki, filan şeyi yaz....

Biz xəbəri veririk, onun arxasınca düşmürük. Onu statistikaya çevirmirik, araşdırmırıq. Ay bu xəbərləri yığım, statistika olsun filan, biz bunlara qaçmırıq.Məsələn, fikirləşirik ki, oxucuya bu xəbəri versəm 5 min nəfər oxuyacaq. Amma durub o xəbəri araşdırsam, 5 saat vaxt aparacaq,. Əvəzində həmin xəbəri 2 min nəfər oxuyacaq, ya oxumayacaq. Buna görə də, oxucuya ancaq baş verən kriminal hadisəni ötürürük. Amma bir vaxt gələcək ki, daha səviyyəli material hazırlamaq mümkün olacaq və fərq onda ortaya çıxacaq...

-Elə xəbər olubmu ki, sənin yaddaşında iz qoyub?

-Eksklüziv xəbərlərim çox olub. Qəbələ RLS-də rusiyalı mayorun başını kəsmişdilər. Onu 15 gün sonra araşdırıb ortaya çıxarmışdım. Həmin mayorun adını da tapmışdım. Xəbəri bütün Rusiya mətbuatı bizə istinadla verdi.
Daha sonra Murtuz Ələsgərov öləndə də xəbərin üstündən yarım saat keçməmiş saytımızda getmişdi. Onu da APA-bizdən istinadla verdi.

Kriminal ab-havadan çıxmaq üçün redaksiyanın “zarafat mənbəyi” olan , webdizayner Xaliq Rüstəmə yaxınlaşırıq:

Gülərüzlü, asta səs tonu ilə danışan Xaliq, elə öz dediyi kimi işini də “asta-asta”görənlərdəndir...Niyə asta-asta ? Az sonra biləcəksiniz...



“Mən Lent.az yaranan gündən buradayam...Günə pis başladıq. Özünü yandıran qız öldü. Həmişə elə olur, sarsıdıcı xəbərlərlə başlayanda gün də pis keçir.
Amma buna baxmayaraq, xəbərin azlığı probleminə rast gəlməmişəm”.

Hər xəbəri qoyanda demək olar ki, səhvlər tutursunuz, dəyişikliklər edirsiniz, demək olar ki, artıq redaktor kimi çalışa da bilərsiniz... zarafatımıza zarafatla da cavab gəlir:

“Hərdən Qabil müəllim deyir ki, səni redaktorların yerinə hazırlayırıq”.

Amma sözün düzünü də zarafatla deyirlər. Elə bizim webdizayner kimi:

“Bizdə adminlərə “premiya” yazmırlar, bizdə adminlərin ştatı ən geridə qalmış, ən yada düşməyən ştatdır”.(gülür)


Siz də arada xəbəri ləngidin də...

-(Gülür) Son vaxtlar edirəm, xeyri yoxdu. Hiss olunmur ki, onu mən ləngitmişəm, jurnalistin boynunda qalır, elə bilirlər onlar gecikdirib. (gülür)

İndi özünü yandırmaq dəbdir, bəlkə siz də özünü yandırasınız, ən azından “premiya” alarsınız...

Jurnalistlər yandırsa pis olmaz( gülür) .Adminin özünü yandırmağına kim baxar?
-Nə qədər pul qazanırsız?

-Bəs eləyən qədər(gülür)...

Nə deyirik ki, təki cibiniz dolu, üzünüz ağ olsun. ...Çünki, adəmi adəm eliyən paradır, parasız adamın üzü qaradır.

Əşi, cibinizin çox dərinliyinə getməyək, maraqlı əhvalatlardan döşəyin gəlsin:

“Elə əhvalatlarım çox olub. Bir gün işə gələndə, həmişəki kimi özümlə gətirdiyim yemək çantamı mətbəxdəki xalaya verdim ki, nahara isidərsən yeyərik. Bir də görürəm xala boş bankanı gətirib ki, ay bala bu nədir belə?Sən demə, bankanı tələsdiyimdən çantanın içinə boş qoyub gətirmişəm.

Bu arada Qabil müəllim reportyor Ləman Mustafaqızına müsahibəni uzatmamağı məsləhət görür: “Lazım deyil, “adboy” ver”.

Biz də Xaliqlə olan söhbətimizə “ adboy verib Ləmana keçdik .




Ləman, arada olurmu, redaktorunuz sizi danlasın...Məsələn, indi özünü yandıran qızın ailəsi ilə danışırdın, amma Qabil müəllim əsəbiləşdi deyəsən..

-O etirazı mənə başqası da edə bilər. Belə hallar arada olur.

Əsəbiləşmək, etiraz etmək lazım deyil, söhbət edək...

“Edək də , əsasən sosial sahələrdən yazıram. Bir ildir ki, buradayam və Lent.az-da olmağımı özümə verilən bir şans kimi qiymətləndirirəm. Heç vaxt ağlıma gəlməzdi ki, mən Lent.az-da ola bilərəm. Əvəllər də yazırdım, ancaq Lent.az-a gələndən sonra başa düşdüm ki, əvəllər heç yazmırammış”.

“Üzümə ilk gülən Nizam oldu və hələ də gülür. Çox həyəcanlı idim, sağımda professional insan, Səbuhi müəllim oturub. Yatsam yuxuma girməzdi ki, belə professional insanla bir arada işləyəcəm”.

-Ən yaddaqalan reportajın hansı olub?

- Siyəzəndən hazırladığım reportaj. Ötən il dekabrın 11-i mənim üçün çox önəmli tarix oldu. Mövzularımı həmişə Səbuhi müəllim verir. Hər gün başlayıram “Səbuhi müəllim mövzu, Səbuhi müəllim mövzu”. Bezdirmişdim. Bir gün dedi ki, yığış gedirsən. Ezamiyyət pulumu götürüb Siyəzənə getdim.

“Beş uşağı olan bir ailə ilə bağlı reportajımdan sonra o qədər yerdən onlara yardım gəldi ki ...”



-Bir reportajım isə alınmamışdı, məni depressiaya saldı...Belə ki, Orxan Zeynalovla bağlı Şəmkirə getmişdim. Axşam yatana qədər ümidim var idi ki, reportajımı hazırlaya biləcəyəm. Amma alınmadı.... Çünki, məndən öncə hansısa müxbir orda olub həmin ailəni qəzəbləndirmişdi. Buna baxmayaraq danlanmadım, qayıdanda artıq elə gündəydim ki, danlanmağıma ehtiyac yoxuydu( gülür).
“Reportaj gündəlik olmur, olur ki, həftəyə bir ya iki reportaj yazıram”.

Bu arada hələ də üzü gülən Nizam Rza Ləmanla bağlı bizə maraqlı əhvalat danışır:



“Deməli, Ləman bizim redaksiyada birinci aydı işləyir. Ləmanı çəkdik qırağa, başa saldıq ki, bəs burda belə bir qayda var ki, kim maaşı alırsa, yarısın gətirib Qabil müəllimə verməlidir. Burda başqa söhbət ola bilməz, yoxsa günün qara olacaq. Maaş almışdıq, Ləman maaşının yarısını aparıb qoydu Qabil müəllimin stolunun üstünə. Gəldi oturdu yerinə, qıpqırmızı olmuşdu... Heç kim özünü yandırmadı..Hamı rolunu yaxşı oynayırdı...Nə qədər gülmüşdük... Həmin gündən Qabil müəllimə çayı ləman verir”. (redaksiyada gülüş)

-Ləmandan reaksiya: Ta o gündən, evin qızı olaraq çay işinə mən baxıram...

Adi günlərdə həmişə işə gecikən redaktor Səbuhi Məmmədli, sağolsun şaxtalılı günlərdə vaxtında gəlməyə bir növ adətkar olub. Nə isə, özü belə deyir:

“Ən az mən işləyirəm burda”.




-Onda belə çıxır ki, ən az maaşı da siz alırsız hə?

-Yox, əksinə( gülür)

-Mən adətən işə gecikirəm. Çox maraqlıdır ki, qarlar başlayandan hamıdan qabaq mən gəlirəm işə. Ər-riyad ticarət mərkəzi tərəfdə qalıram, məsuliyyət hissini görürsünüz də...GÖRÜRÜK

-Nə yazırsınız indi?

-Adətən layihə olanda yazıram. Məsələn, Suriyadan, Pakistandan reportaj hazırladıq. Ondan sonra Türkiyənin Şirinçə kəndindən reportaj hazırladıq. İndi Əfqanıstana getməyə hazırlaşırıq.

-Əfqanıstana niyə?

-Orada Qarabağdan olan əfqanlar, şahsevənlər tayfası var, Nadir şahın vaxtından köçüb yerləşiblər ora. Eynən bizim kimi danışırlar. Onu araşdırmalıyıq. Bir də ki, bir vaxtların əfsanəvi komandiri olub Əbdürrəşir Dustum. Onunla müsahibə etməyi fikirləşirəm. Əfqanıstanın özü ümumiyyətlə maraqlı yerdir. Tora-boraya gedib bəlkə fotosessiya etdik. Adi günlərdə isə işim elə redaktədir”.

-Bir redaktor kimi müxbirlərlə necə yola gedirsiz?

-Normal. Mən 21 yaşımda “525-ci” qəzetin redaktoru olmuşam. İşçilərimin hamısı məndən yaşca böyük idi. Ona görə, mənim üçün idarəçilik və s. heç bir problem yoxdur. Qəzetdən gələnlərlə heç vaxt heç yerdə problem olmur. İstər müxbir, istər redaktor , istər korrektor, istərsə də fotoqraf olsun.

-Kənardan çox zəhmli görünürsüz, sizə yaxınlaşmağa ehtiyat edirdik

-Əksinə mən çox səmimi adamam.

-Onda səmimi olun, bizə maraqlı bir əhvalatı olduğu kimi danışın..
-Danışım da. Bakıda 2000-ci ildə zəlzələ olanda Azərbaycanda yeganə Yeni Müsavat qəzeti çıxırdı. Onda mən növbətçi redaktor idim. Zəlzələ oldu, düşdük aşağı və tərəddüd edirdik yuxarı qalxaq, qalxmayaq...Sonra ikinci zəlzələ də oldu. Rauf Arifoğluya zəng vurduq, dedi ki, cəhənnəm olsun, çıxın gedin. Azər Hüseynbala ilə bir araq aldıq, içdik, sonra çıxdıq yuxarı...Nəticədə, qəzeti həmin günü çıxara bildik...

Səmimi olmuşkən, Səbuhi müəllim daha bir əhvalat nəql etdi bizə:



“Azərbaycanda yeganə jurnalistəm ki, Əli Ömərov məni oğurlayıb aparıb Baş Prokurorluğa. Şəxsən özü, maşınla gəldi redaksiyamıza və məni apardı. Sizin yadınıza gəlməz, onda Əli Ömərov Baş prokuror idi. İndi avara-avara danışır. Bir yazı yazmışdım, rubrikanın adı “Misster X” idi. Müsahibə verən adam doğurdan var idi, amma adını açıqlamırdıq. Maraqlısı odur ki, adında X hərfi olanların hamısını da Əli Ömərov yığmışdı Baş Prokurorluğa. Elə bilirdi ki, müsahibə verənin adı “X” hərfi ilə başlayır. Sonra Amerika səfirliyindən zəng vurdular buraxdırdılar məni”.

Səbuhi müəllimin bitib-tükənməyən əhvalatlarına doyum olmaz, amma diş həkimində növbə gözləyib işə gələn Anar Gəraylını biz də növbədə gözlətmək istəmədik..

-Yaman əsəbi görünürsən...




“Dişimi çəkdirmişəm, narahatam. Ona görə də kədərli görünürəm”.

-Amma yox o qədər də kədərli deyilsən, zarafat etməyə hal tapırsan...Yetənə yetib, yetməyənə bir daş atırsan.

“Hamısı köhnə tanışlarımdır. Mən ikinci dəfə bura qayıdanda Ləman və Anar Məcidzadə yeni işçilər idi. Məcidzadə də elə uşaqdı ki, ona adaptasiya olmamaq mümkün deyil(gülür). Xalidə adaptasiya olmaqda çətinlik çəkdim bir az. Sağımda oturubdu, bütün günü öz aqressiyası ilə işləməyə imkan vemir, yorur adamı. Şikayət eləmək də xarakterimdə yoxdu, aqressiyasına özüm cavab verirəm sakitləşir”(gülür).

-Nə yazırsan indi?

-Bizim ailəm.az saytında “Ən yaxşı sevgi mesajı” layihəsi var. Onun yazılarını sayta qoymaqla məşğulam indi. Siz də yazın da...

-Biz yaza bilmirik.

-Sevgililərinizə deyin onlar yazsınlar, sizdən nə gedir(gülür)

-Siz özünüz yazmısız?

-Təşkilatçı kimi səlahiyyətim olduğu üçün yaza bilmirəm...

-Keçənə güzəşt deyiblər. Yaxşı mesaj yaza bilmirsən, heç olmasa başına gələn əhvalat danış...
“Xalidə üzünü tutaraq, “Sən Allah Xalid, nə gəlib mənim başıma”(gülür).

Əslində özüm maraqlı oğlanam. Maraqlı hadisələr mənim fövqümdə dayanır, təsadüfən rast gəlmir. Mən cazibə qüvvəsində itirəm. Maqnitin əks qütbləri bir-birində itdiyi üçün demək olar ki, maraqlı hadisələr mənim başıma gəlməyib”.

-A kişi, cazibə qüvvəsi hara, biz hara, bizim Nyutona oxşarlığımız var? Sözünü de:




“2012-ci il idi, Lent.az-a deputatlarla bağlı maraqlı layihə yazırdım. Deputat Musa Qasımlıdan Milli Məclisdə iki saatlıq müsahibə almışdım. Musa müəllim də yavaş-yavaş danışır. Bir saatlıq müsahibə hardasa iki saata yaxın çəkdi. Gəldim diktofonu qoşdum yazmağa, 15 dəqiqədən sonra səs kəsildi. Sən demə, diktofon 15 dəqiqədən sonra yazmayıb. Neyləyim, neyləyim, bəs Qabil müəllimə dedim ki, diktofon işləmir. Cavabı belə oldu: “Mən bilmərəm, neynirsən elə”. Oturdum müsahibəni özümdən hardasa 10 min işarə yazdım. Nə isə, yazdım göndərdim Musa Qasımlıya. Heç nəyi dəyişməmişdi. Elə elə də verdim müsahibəni sayta. Bir neçə dəfə olub, özümdən müsahibə yazmışam, amma o birilərini deməyim də yaxşı deyil(gülür).

Quş dilini Süleyman bilər, müğənnilərin dilini də elə saytın şou müxbiri Yalçın Süleymanov bilir



“Müğənnilərlə öz dillərində danışıram. Öz dilimlə danışdığım zaman çətinlik yaranır mənə. “Kakoy privet, takoy otvet” prinsipi ilə onları yola salmaq lazımdır”.

-Xəbərlərin göz çıxardır, amma özün elə bil həmin adam deyilsən..

-Yox, əslində daha çılğınam, daha deyib-gülənəm(Anar Gəraylı zarafatla Yalçına: canın yansın)

-Anar səninlə, bəs sən kiminlə daha çox zarafat edirsən?

- Hamı ilə zarafatım olur. Xaliqlə də olur.

-Xaliqdən nə istəyirsiz?

-Zarafatın mənbəyi Xaliqdi də. Amma təxribat işlərinə Anar Məcidzadə baxır. Yəni onun üzərində qurulub işlər. O zarafatları daha yaxşı yönləndirir. Hər dəfə pası kiməsı atır...

-Şou-biznesdə bəs kimnən pas alıb, kimə ötürürsən?


- Maraqlı hadisələrdən birini danışım sizə. Demək, Aygün Bəylərlə Röya qalmaqalından yazmışdım. Aygün Bəylər demişdi ki, Röyaya qulaq asanlar elə onun səviyyəsində olanlardır. Sonra Aygün Bəylər dediyini danıb, jurnalistin bu xəbəri özündən yazdığını demişdi. Mən də müsahibədən öncə Aygün xanıma demişdim ki, diktofonu qoşuram razısız? Yəni,öz razılığı ilə də səsini diktofona yazmışdım. Bu qalmaqallı söhbətdən sonra, zənglər gəlir, efirdən məni çağırırdılar ki, Aygün Bəylər sizi yalançı çıxarıb, gəlin bu barədə efirdə danışın. Mən də sadəcə səs yazmanı yayımladım. Və beş dəqiqə sonra artıq Aygün Bəylərə zəng çatmırdı...Şou-biznesin nümayəndələri çox qorxaq olurlar. Sözlərini deyib, arxasında durmurlar”.

Baş redaktor Kəmalə Quliyeva isə deyir ki, tək otaqları deyil, müxbirlər arasındakı münasibətlər də istidir:



“Lent.az-ın əsas üstünlüklərindən biri odur ki, burda çox isti, yəni, redaktor-müxbir münasibətlərindən daha çox yoldaşlıq münasibətləri var. Hər halda uşaqlar bunu təsdiq edə bilərlər”

-Siz yazıları redaktə edirsiz?Əsəbiləşirsinizmi yazıları görəndə, şirə pələngə dönürsünüzmü?

-Onu müxbirlər daha yaxşı bilər ki, biz nəyə dönürük (gülür).Bəzən Anarda olur, Azərbaycan Respublikasının Milli Məclisi yazır. Hər dəfə deyirik ki, Anar bu məlumdur da Milli Məclis Azərbaycanındır da. Anar daha çox Yeni Azərbaycan qəzetinin stilində, AZƏRTAC stilində yazmağı sevir. Deməli, bizim saytda qayda bu cürdür: redaktorlar xəbəri atırlar dizaynerə, tutaq ki, yazırıq ki, manşet, sosial, qara. Birdən olur ki, uşaqlardan kimsə yazır ki, bunu adiyə ver. Və birdə görürsən adamın fikrindən yayınır, o başlıqla da saytda gedir: “Bunu adiyə ver”. Amma bu texniki bir şeydir, dərhal düzəlir”.

-Müxbirlərin nizam-intizamından necə, razısınızmı?

-Lent.az-ın ipə-sapa yatmayan müxbirləri yoxdur. Müxbirlərimiz ipin-sapın üstündədirlər(gülür).

-Ən qoçaq müxbiriniz kimdir?

-Bizdə bir sahə üzrə 1 müxbir olduğundan hər biri bizim üçün əvəzedilməzdir. Beş barmaqdan hansısa biri kəsilsə, ağrı verir. Bizim müxbirlərdən də hansısa birinin ayağına daş dəysə, o bizə ağrı verir. Ona görə də, mən onlar arasında fərq qoya bilmirəm.

-Sözünüz, tənbehiniz varmı bu müxbirlərə, biz də çıxaraq manşetə

-Sözümüz olanda google talk vasitəsilə deyirik(gülür).

Nəcib adam Mahir Mehdi:(Onu Səbuhi Məmmədli belə adlandırır)



“Mənə elə gəlir ki, çox danışan adam özünü ifadə edə bilməyən adamdır. Ona görə də çox danışmayacam”-deyən lent.az-ın digər redaktoru Mahir müəllim daha çox susmağa və işləməyə üstünlük verən istedadlı şairlərdəndir.

-Bəs yanınızda kimsə çox danışanda nə edirsiz?

-Hövsələli adamam. Amma özümdən çıxmağım da olur. Bu da təbii bir şeydi. Bir az Anar Gəraylı çox danışır, hər şeyə müdaxilə edir, hər şeyə başını soxur(gülür). Məni işləməyə qoymayan bir dənə odur. Bir söz də deyə bilmirəm. Cavan adamdı, qüvvəmiz də bərabər deyil(gülür) Qüvvətli ola bilər də məndən, rinqə çıxmaq istəmirəm, sadəcə atmaca atıram ki, tutsun (yenə gülür). Hə birdə Səbuhi müəllimlə yola getmirik. O hər dəfə istəyir ki, məni gecə növbətçisi qoysun.


Kəmalə xanım söhbətə qarışır:

“Səbuhi müəllim Mahir müəllimə deyir ki, sən çox nəcib adamsan, ona görə növbətçi qal (gülür)”

-Bizdən də bir təklif: bəlkə bir şikayət ərizəsi yazasınız?

-Yox qətiyyən, Səbuhisiz bir günüm olmasın. Biz dostuq, qardaşıq, doğrudan kollektivin hamısını çox sevirəm.

-Danışmağı sevmirsiz, bəs zarafat etməyi necə?

-Səbuhinən ən çox zarafat edirəm. Çünki, biz köhnə qurdlarıq. Hərdən Yalçın məni əsəbiləşdirir magazin xəbərləri ilə. Amma ona da sevgi ilə yanaşıram...

Və nəhayət...Növbə qapıya yaxın oturub, xəbər qolu gözləyən idman müxbiri Elşənə çatdı.



“İdman hərdən maraqlı, hərdən maraqsız gəlir. 15 ildir ki, Azərbaycan mətbuatındayam. 36 yaşım olsa da özümü gənc hesab edirəm. Hamı ilə zarafat edirəm. Hər şeyin həddini gözləyirəm. Çünki hədd aşanda hər şey pozulur”.

Vəssalam, işimizi bitirib, redaksiyadakılarla sağollaşırıq.

P.S. Redaksiyada olduğumuz müddətdə bizə çay verməsələr də, sağolsun Qabil müəllim ağzımız şirin olsun deyə bizi rəfindəki “Griliaj” konfetinə qonaq etdi...


Mirvari Nəcəf
Şəhanə Rəhimli
Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti