Qarabağ səmasının şahini: Müharibənin ilk günü şəhid olan mayor - VİDEO+FOTOLAR

  Qarabağ səmasının şahini:  Müharibənin ilk günü şəhid olan mayor -  VİDEO+FOTOLAR
  28 Yanvar 2021    Oxunub:20068
Vətən müharibəsində qələbə tarixi yazan igidlərimizdən biri də Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımovdur. O, sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan ilk pilot olub. Ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azvision.az-ın əməkdaşları Vətən səmasını Şahin tək qoruyan qəhrəmanın evində olub, ailəsi ilə söhbətləşib.



Şəhidin anası Kifayət Qasımova oğlunun 1986-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olduğunu və 1988-ci ildə ermənilər tərəfindən deportasiya edildikdən sonra Bakıya köçdüklərini deyib.

“Sanki uşaqlıqdan Abbasın taleyinə Qarabağ yazılmışdı. Atası onu hələ kiçik yaşlarından qucağında Azadlıq meydanındakı mitinqlərə aparırdı. Əmiləri və atası ilə gecə yarısına kimi orada olurdu. Həmişə qışqırırdı ki, Qarabağ bizimdir.



Abbas atasını çox erkən, 6 yaşı olanda itirib. Həmişə onun həsrəti ilə yaşayıb. MTN-nin (İndiki DTX-red) Akademiyasında oxuyanda ona daha çox ehtiyac hiss edib. Deyirdi, atam olsaydı, hər həftə yanıma gələrdi. İstər məktəbdə, istərsə də akademiyada təhsil alanda heç vaxt məni incitməyib. Bildirirdi ki, haçansa ondan şikayət gələrsə, buna görə əzab çəkər.

Oğlum akademiyanın sərhəd qoşunları fakültəsini seçmişdi. Qusar rayonunda 6 il zastava rəisi işlədi. Daha sonra Milli Aviasiya Akademiyasında bir illik kurs keçdi. Qüsursuz xidmətinə görə iki dəfə medalla təltif edilib. Həmişə məsuliyyətlə xidmət göstərirdi ki, ondan şikayət olunmasın”.



Abbas Qasımov Siddiqə xanımla 7 il idi ki, evli idi. Onların Rza və Hüseyin adlı iki oğul övladları var.

Şəhidin xanımı: “Uşaqlarına çox bağlı insan idi. İstəyirdi ki, oğlanları savadlı olsun. Hətta onlara saymağı da birinci dəfə ataları öyrətmişdi. Deyirdi, hansı peşəni seçmələrindən asılı olmayaraq, qoy öz işlərinin peşəkarı olsunlar. Oğlumuz Rzanı ilk dərs günü məktəbə özü aparmaq istəyirdi. Ancaq işi ilə əlaqədar icazə alıb gələ bilmədi. Ona oğlumun məktəbli formasında şəkillərini çəkib göndərdim. Çox sevindi, dedi, evə qayıdan kimi özü onu dərsə aparacaq”.



Şəhidin anası Kifayət Qasımova: "Çox vaxt evdə olmurdu, təlimlərə gedirdi. Sonuncu dəfə evə sentyabrın 25-i axşam gəldi. Uşaqlarını qucaqlayb öpdü, bizimlə görüşdü. Səhərisi günü tezdən yoldaşı onu yola saldı. Mən də pəncərədən Abbasa baxıb dua edirdim. Müharibəyə getdiyini bilmirdim. Daha doğrusu, müharibə olacağına inanmırdım. Bilsəydim, oğlumun başına fırlanardım. Ona dəyən zərbə mənə dəyərdi”.



Şəhidin həyat yoldaşı Siddiqə Qasımova: “Axır vaxtlar çox qəmgin idi, elə bil, əvvəlki deyib gülən adam deyildi. Bəlkə də ürəyində gəzdirdiyi yük var imiş, bizə heç nə demirdi. Baxışları, siması gözümün qarşısından getmir, sanki kədərli idi, ürəyinə nəsə danmışdı. Sonuncu dəfə sentyabrın 26-sı axşam danışdıq, dedi ki, mənim üçün dua edin. Ayın 27-si telefonuna zəng çatmadı. Abbasdan başqa bütün iş yoldaşları evlərinə zəng etmişdi. Təşviş içində idik. Dedilər, narahat olmayın, sağdır, orada internet tutmur. Ondan sonra rahat olduq. Sentyabrın 28- i səhər şəhid xəbərini, günorta isə bayrağa bükülmüş tabutu çiyinlərdə gəldi”.



Ana oğlunun şəhid olduğu günü ürək yanğısı ilə xatırlayır.

Kifayət Qasımova: “Ananı istəyən oğul Vətəni də istəyərmiş. Müharibənin ilk günü döyüş yoldaşı Xalidlə birgə şəhid oldu. Ürəyim elə yanır ki, onu heç kim hiss edə bilməz. Bəzən düşünürəm ki, məni təndirə atıb yandırsınlar, əvəzində Abbas bir günlük yoldaşının, balalarının yanına gəlsin. Ona da razı olaram.

O, evdə olanda kədərli olmaq mümkün deyildi, elə ab-hava yaradırdı ki, istər -istəməz fikrin dağılırdı. Artıq neçə aydır ki, evimiz yasdadır. Arxamı, dayağımı, sirdaşımı itirmişəm. Deyirlər, şəhidlər o dünyada yaxşı yerdə olurlar. Allaha həmişə dua edirəm ki, balamın yeri rahat olsun. Atasız böyümüşüdü, öz getdiyi yol balalarına borc oldu. Balaca oğlu deyir ki, "nənə, mən Abbasam, sən mənə oğlum de, mən də sənə ana deyim". Uşaqlarına nə cavab verəcəyimi bilmirəm. İş yoldaşları bizə gələndə çox sevinirəm, Abbasın qoxsunu onlardan alıram. Döyüş yoldaşları üçün dua edirəm".



Sonda Siddiqə Qasımova deyib: "Kiçik oğlum yoxluğunu qəbul edə bilmir. Onları başa salıram ki, ata qəhrəmandır. Abbas və döyüş yoldaşı Xalidin vurulması ilə Ordumuz düşmənin mövqelərini aşkarlayıb məhv ediblər. Onlar şəhadəti ilə həm də Ordumuza yol açıblar. Əsl pilotlar kimi səmada şəhid oldular. Bu cür qəhrəmanların adının yaşaması şəhid ailələri üçün təskinlikdir. Yoldaşımın əşyalarına toxunduqca elə bilirik ki, Abbasa toxunuruq. Heç nə onu əvəz edə bilmir".































































































Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Şəhid   Pilot   Mayor  





Xəbər lenti