Şəhərlərimiz zonalara bölündü

Şəhərlərimiz zonalara bölündü
  03 Mart 2014    Oxunub:1204
Azərbaycan Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ı təsdiqləyib.
AzVision.az xəbər verir ki, qaydalara görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri və ya ərazi hissələri istifadəsinə görə məskunlaşma, istehsalat və landşaft-rekreasiya ərazilərinə bölünür. Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə aşağıdakı ərazi zonalarına bölünür:

yaşayış zonaları;
ictimai-işgüzar zona;
rekreasiya zonası;
istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları;
nəqliyyat infrastrukturu zonası;
mühəndis infrastrukturu zonası;
kənd təsərrüfatı zonası;
xüsusi təyinatlı zona;
hərbi və digər rejimli zonalar;
xüsusi şərtlərlə istifadə olunan zonalar;
xüsusi qorunan ərazilər;
ehtiyat zonası.

Yaşayış zonaları – tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.
Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır. İstifadəsinin xarakterindən və tikintilərin səviyyəsindən asılı olaraq, yaşayış zonası aşağıdakı tikinti zonalarına bölünür:

Çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binaları;
Orta mərtəbəli (5÷8 mərtəbəli) və çoxmənzilli yaşayış binaları;
Azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binaları;
Bloklaşdırılmış yaşayış binaları;
Həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri.

Şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis-infrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir.

Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir.

Rekreasiya zonası - əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir.
Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir.

Estetik dəyəri olan, təbiiliyi yüksək səviyyədə qorunub saxlanılmış landşaft ərazilərdə və su hövzələrində, göllərin və çayların sahillərində milli və təbii parklar formalaşdırılır, onların şəhərsalma tələbləri, məkan-fəza-memarlıq həlli, elmi, mədəni- maarif-rekreasiya məqsədi və digər məqsədlərlə istifadəsinə dair təkliflər hazırlanır. Belə ərazilər əhəmiyyətindən asılı olaraq qoruq, milli park, rekreasiya, qoruq-rekreasiya və digər yarımzonalara ayrılır.

Nəqliyyat infrastrukturu zonası – şəhərlərarası və beynəlxalq avtomobil, dəmiryol, hava, dəniz və çay nəqliyyatı obyektləri və komplekslərinin yerləşdiyi zonalardır. Təyinatından asılı olaraq, bir neçə infrastruktur növü üçün birgə zona yaradıla bilər. Əhaliyə xidmət üçün nəzərdə tutulan vağzallar, stansiyalar, limanlar və aeroportlar yerləşdirilərkən sərnişinlərin rahat istifadəsi və təhlükəsizliyi, müxtəlif növ nəqliyyat vasitələrinin hərəkət intensivliyi və istiqaməti nəzərə alınmalıdır.

Xüsusi təyinatlı zona – qəbiristanlıqların, heyvan qəbiristanlığının, məişət tullantılarının yığıldığı poliqonların, zibilin ilkin emalı müəssisələrinin, təmizləmə qurğularının və fəaliyyəti yaşayış məntəqələrinin başqa ərazi zonalarının fəaliyyəti ilə uyğun gəlməyən digər obyektlərin yerləşdiyi əraziləri əhatə edir.

Hərbi və digər rejimli zonalar– hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilərdir. Əhalinin həyatına və sağlamlığına təhlükə törədə bilən obyektlər digər ərazi zonalarından sanitar-mühafizə əraziləri ilə ayrılır.

Hər bir konkret qoruq ərazisi (tarixi şəhər və digər yaşayış məntəqələri, mərkəzlər, məhəllələr, meydanlar, küçələr, tarixi yerlər, arxeoloji və memarlıq dəyəri olan obyektlərin yerləşdiyi ərazilər) üçün mühafizə zonaları, tikintini tənzimləmə rejimi və digər məhdudiyyətlər müəyyən edilir.

Mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının sanitariya-gigiyena və yanğın əleyhinə normalara əməl etməklə, 30 faizdən çox olmamaq şərtilə artırılmasına yol verilir.


Teqlər:  





Xəbər lenti