Reyxstaqa ilk bayraq sancan azərbaycanlı necə öldürülüb - GİZLİ TARİX

   Reyxstaqa ilk bayraq sancan azərbaycanlı necə öldürülüb -    GİZLİ TARİX
  08 May 2021    Oxunub:33120
Tarixdə yalanlar çoxdur. Bu yalanlar uzun illərdir ki, həqiqət kimi tarixə salınıb. Bəli, məhz “salınıb”, çünki, onlar fövqəlqüvvələrə həqiqət kimi lazımdırlar. İnsanlıq tarixinə sırınan həmin saxtakarlıqların bir qismi elə həqiqət kimi də ömürlük status alır, bir qismi isə müəyyən müddətdən sonra təkzibedilməz faktlar və şahidlərin ifadələri ilə ifşa olunur.
Alman faşizminin məğlubiyyəti ilə başa çatan II Dünya müharibəsinin sonuncu günü Reyxstaq üzərinə qələbə bayrağının rus Yeqorovla gürcü Kantariya tərəfindən sancılmasını hamımız bədii filmlərdə görmüşük. Müharibə tarixini yazan keçmiş Sovet alimləri də şübhəsiz ki, hadisəni bu cür tarixə çeviriblər. Sənədli xronikada isə Yeqorovla Kantariyanın bayrağı Reyxstaqa yalnız bərkitmələri görünür. Bəs bu bayrağı Reyxstaqın günbəzinədək kim gətirib, Yeqorovla Kantariyadan əvvəl qələbə bayrağını Reyxstaqa kim sancıb, onun başına hansı hadisə gəlib?
Yəqin ki, “Mirzə Hüseynov” adı çoxunuza heç nə demir. Elə isə, bu azərbaycanlı zabitin müavini olmuş Şahbaz Hüseynovun danışdıqları ilə tanış olun. Və gizlədilmiş dəhşətli həqiqət sizin üçün aşkara çıxacaq.


Təəssüf ki, Şahbaz Hüseynov indi həyatda yoxdur, bu müsahibəni ondan vaxtilə “Vedibasar” qəzetinin baş redaktoru Sərtib Məhərrəmov götürüb. AzVision isə onun dostu və oğlu ilə söhbətləşib.

- 1942-ci il iyul ayının 10-da II Dünya müharibəsinə getmişəm. Almanlarla ilk döyüşə Qafqazın müdafiəsində qarşılmışam. Quluxovıy aşırımında gedən döyüşlərdə yaralanmışam. Müalicə olunduqdan sonra ikinci dəfə ön cəbhəyə getmişəm. Krasnodon şəhərinin müdafiəsi zamanı ikinci dəfə yaralanmışam. 1943-cü il sentyabr ayının 29-da Dnepr sahillərində 2-ci Belarusiya cəbhəsi, 38-ci ordunun (komandir general-polkovnik Çibisov), 40-cı korpusunun (komandir general-leytenant Moskalenko), əlahiddə avtomat-qırıcı batalyonuna (komandir mayor Qrişşenko) göndərilmişəm. Məni həmin batalyonun tərkibindəki kəşfiyyatçılar taqımına verdilər. Komandirimiz əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan leytenant Mirzə Hüseynov idi. Məni onun köməkçisi təyin etdilər. Kiyev şəhərinin azad olunması uğrunda döyüşdük. Mirzə Hüseynov “Qızıl Bayraq”, mən isə “Qırmızı ulduz” ordeni ilə təltif olunduq.



- Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdən ətraflı danışmağınızı xahiş edirik.
- Müharibənin sonlarında almanlar güclü müqavimət göstərir, heç cür təslim olmaq istəmirdilər. Berlin yaxınlığında bir Zeyer təpəliyi var. Sovet qoşunları həmin təpəlik uğrunda gedən döyüşlərdə 300 min əsgər itirdi. Bizdən əvvəl həmin döyüşlərdə demək olar ki, 4 ordu məhv olmuşdu. Növbə bizim ordunun idi.
Leytenant Mirzə Hüseynovun rəhbərlik etdiyi taqımın kəşfiyyat taqımı olduğunu əvvəldə dedim. Hücumdan qabaq lazımi işləri görmüşdük. Düşmənin müdafiə mövqeyi haqqında hərbi məlumatları toplamış, komandanlığa vermişdik. Berlin üzərinə həlledici hücum zamanı elə öndə gedən də Mirzə Hüseynovun taqımı idi. Böyük itkilər hesabına olsa da, Berlin şəhərinə ilk dəfə daxil olan 40-cı korpusun əlahiddə avtomat qırıcı batalyonunun kəşfiyyatçılar taqımı oldu. Təsdiqləyirəm ki, Berlinə ilk daxil olan da leytenant Mirzə Hüseynov oldu. Qalan əsgəri hissələr bizdən sonra şəhərə daxil oldular.



1945-ci il may ayının 6-da günortadan sonra biz Reyxstaqa ilk daxil olduq. Bir anlığa Mirzəni itirdim. Hara getdiyini bilmədim. Yardımlı rayonundan Damət Verdiyev adlı döyüşçü dostum yanımda idi. Birdən o qayıtdı ki, “Şahbaz, bir ora bax” və Reyxstaqın günbəzini göstərdi. Nə görsəm yaxşıdır? Komandirimiz Mirzə Hüseynov Reyxstaqın başına qalxır. Özü ilə götürdüyü Sovet bayrağını Reyxstaqın zirvəsinə sancdı, bağladı. Qollarını yana açıb, “Pobeda za nami” dedi. Hamı onu alqışladı. Elə bu vaxt məndən bir qədər aralıda duran polkovnikin komandirimə atəş açdığını gördüm. Mirzə Hüseynov əvvəlcə sürüşüb, günbəzin üstünə, oradan da yerə yıxıldı. Hamı bir anlığa özünü itirdi.
Yardımlı rayonundan olan Damət Verdiyev adlı əsgər silahdaşımla özümüzü komandirimizə çatdırdıq. Komandir dörd il döyüşdü, bir alman gülləsi ona dəymədi, ancaq uğrunda döyüşdüyü hökumətin zabitinin gülləsinin qurbanı oldu. Bu güllə dörd ildə ona dəyən yeganə güllə idi.
Mən müharibəyə gedəndə on doqquz yaşın içindəydim. Ürəyimdə Vətənə sevgi, qələbəyə inam vardı. Üçüncü dəfə yaralananda güllə sol ayağımı dizdən deşib keçmişdi. İnanın mənə, Sovet hökumətinə sevgim, rəğbətim o qədər idi ki, müalicə almaq üçün hospitala getmədim. Ayağım elə ön cəbhədə, döyüşlərdə sağaldı. Elə ki, Mirzə Hüseynova qarşı edilən cinayəti gördüm, dedim, İlahi, gör mən cavan ömrümü hansı dövlətə qurban vermişəm. Belə də ədalətsiz, qeyrətsiz, saxta dövlət olar? Döyüşdüyüm günlərimə peşman oldum.



Dözməyib, qumbaranı həmin zabitin ayaqlarının altına atdım. Komandirimizi aparıb, bir ağacın altında dəfn etdik.
Bir saatdan sonra kinooperator gətirib, Yeqorovla Kantariyanı Reyxstaqın zirvəsinə qaldırıb, bayrağı sancdırdılar, lentə aldılar. Hər şey aydın oldu: Qələbə bayrağını müsəlman övladı yox, xristian olan rusla gürcü sancmalıymış. Stalinin göstərişinə əsasən.
Adına “Sovet İttifaqı” deyilsə də, dövlət Rusiya imperiyası idi, başında da gürcü Stalin dururdu. Ona görə də Reyxstaqın günbəzinə qələbə bayrağını məhz rusla gürcü “sancmalı” idi. Heç şübhə etmirəm ki, vedili, türk övladı Mirzə Hüseynovun yerinə qazax, özbək, qırğız, türkmən, kürd, talış, ləzgi, çeçen və digər müsəlman qardaşlarımızdan biri olsaydı belə, onların da aqibəti faciəli olacaqdı.

Həmin gün axşam məni sovet zabitini öldürdüyüm üçün həbs etdilər. Məhkəmədə mənə ömürlük həbs cəza verdilər, soyuq Sibirin ünyetməz bir guşəsində olan həbsxanaya göndərdilər. 23 yaşında idim. On bir il həbsdə yatdım. Bir gün həbsxana nəzarətçisi kamera nəfəsliyini açıb dedi ki, hazırlaş, Bakıya gedirsən. Elə bildim, məni ələ salır. Lakin elə deyilmiş. Həqiqətən də, səhərisi məni Bakıya etap etdilər.



1956-cı ildə Sov.İKP-nın XX qurultayında iştirak edən Palmiro Tolyatti və Broz Tito çıxışları zamanı Mehdi Hüseynzadənin və digər bir neçə azərbaycanlının müharibə zamanı satqın olmadıqlarını, faşistlərə qarşı qəhrəmanlıqla vuruşduqlarını deyir, onlara qarşı mövqelərin dəyişəcəyinə inandıqlarını söyləyirlər. Həqiqətən də, Moskvadan Azərbaycan SSR rəhbərliyinə, xüsusi idarələrinə tapşırıqlar verilir ki, bu məsələni obyektiv araşdırsınlar. Həmin siyahıda məhz qələbə günü sovet zabitini qətlə yetirən Şahbaz Hüseynovun da adı olur.
Bakıda məni o vaxt hələ tanımadığım bir idarəyə, binaya gətirdilər. Səhərisi ucaboy, qartal baxışlı bir şəxsin kabinetinə apardılar. O, olduqca rəhmli, təmkinli, inandırıcı səsi ilə hadisənin necə olduğunu soruşdu. Mən də hadisəni olduğu kimi danışdım. Mən danışdıqca gözlərimin içinə baxan həmin şəxs əvvəlcə susdu, sonra isə mənə yaxınlaşıb, asta səslə dedi:
- Qeyrətli oğlansan!
Bir həftədən sonra məni azadlığa buraxdılar. Öyrəndim ki, mənə azadlığı bəxş edən həmin şəxs həmin illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin şöbə müdiri işləyən Ulu Öndərimiz Heydər Əliyev imiş.


Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçiləndən bir-iki il sonra respublikanın cənub rayonlarına səfəri zamanı bizim Yardımlı rayonuna da gəldi. Rayon fəalları ilə görüşü zamanı biz müharibə veteranları ilə də görüşdü. Sıra mənə çatanda azacıq özünə tərəf çəkib, təbəssümlə dedi:
- Daha qumbara partlatmırsan?
Təqribən 15 il keçməsinə baxmayaraq, bu dahi insan məni tanıdı. Heydər Əliyevin güclü, iti hafizəsi məni heyran etdi.


Azvision.az mövzunu davam etdirmək üçün 9 May ərəfəsində Yardımlı rayon Veteranlar Şurasının sədri Hüseyn Vəliyev və Şahbaz Hüseynovun oğlu Əlipənah Hüseynovla söhbətləşib.

Hüseyn Vəliyev:

- Şahbaz 1924-cü ildə Yardımlının Deman kəndində anadan olub. Onun babası Hacıhüseyn Hacı Zeynalabdin Tağıyevlə birgə Məkkəyə gediblər, onlar siğə qardaşı sayılırmışlar. Şahbazın atası Əli kişi Hacı Zeynalabdinin rəhbərliyi altında Rusiyada hərbi məktəbdə təhsil almışdı. O, SSRİ zamanında Göytəpə sərhəd dəstəsinin rəisi olub. Ancaq təəssüf ki, bu ailə də 37-ci ilin repressiyasından canını qurtara bilməyib. Əli kişi Sibirə sürgün edilib. İllərlə orada qazamatda qalıb. Yalnız 1943-cü ildə oğlanları Stalinə məktub yazdıqdan sonra ona bəraət verilib. Əli kişinin 3 oğlu İkinci dünya Müharibəsində iştirak edib. Onlardan biri də Şahbaz olub. Onun döyüş yolu Gürcüstandan başlayıb Berlinə qədər gedib”.

Əlipənah Hüseynov:
- Atamın döyüş yolu Gürcüstandan başlayıb. Müharibəyə 1942-ci il Qafqazın müdafiəsi uğrunda gedən döyüşlərlə qatılıb. O, ilk dəfə Quluxovıy aşırımında gedən döyüşlərdə, ikinci dəfə isə Krasnodon şəhərinin müdafiəsi zamanı yaralanıb. Müalicə olunduqdan sonra, 1943-cü il sentyabr ayının 29-da Dnepr sahillərində 2-ci Belarusiya cəbhəsi, 38-ci ordunun (komandir general-polkovnik Çibisov), 40-cı korpusunun (komandir general-leytenant Moskalenko), əlahiddə avtomat-qırıcı batalyonuna (komandir mayor Qrişşenko) göndərilib. Onu həmin batalyonun tərkibindəki kəşfiyyatçılar taqımına veriblər. Tağımın komanidir isə Qərbi Azərbaycanın Vedi rayonundan olan leytenant Mirzə Hüseynov imiş. Atamı onun köməkçisi təyin ediblər”.



Mirzə Hüseynovun və müavinin ilk birgə döyüşü Kiyev şəhərinin azad olunması uğrunda olub. Həmin döydüşdə göstərdikləri şücaətə görə komandir “Qızıl Bayraq”, Ş.Hüseynov isə “Qırmızı ulduz” ordeni ilə təltif olunublar.

Hüseyn Vəliyev: “Berlin yaxınlığında bir Zeyer təpəliyi var. Sovet qoşunları həmin təpəlik uğrunda gedən döyüşlərdə 300 min əsgər itirmişdi. Həmin döyüşlərdə demək olar ki, 4 ordusu məhv olmuşdu. Buna görə də Mirzə Hüseynovun rəhbərlik etdiyi kəşfiyyat taqımı hücumdan qabaq lazımi işləri görüb. Düşmənin müdafiə mövqeyi haqqında hərbi məlumatları toplayıb və komandanlığa ötürüb. Beləliklə, Berlin şəhərinə ilk dəfə 40-cı korpusun əlahiddə avtomat qırıcı batalyonunun kəşfiyyatçılar tağımı daxil olub. Digər hissələr isə onlardan sonra şəhərə girib. Şahbaz danışırdı ki, Reyxstaqın böyründə bir neçə yanmış cəsəd görüblər. Və onlara bildiriblər ki, bu cəsədlər Hitlerə və onun yaxın ətrafına aiddir”.



Əlipənah Hüseynov : “Atam hələ müharibədə olarkən onun ölüm xəbəri gəlir. Ailəsinə atamın Dnepri keçərkən çayda boğulduğunu deyirlər. Nənəm bu qara xəbərə dözmür, həmin günlərdə ürəyi dayanıb vəfat edir. Əslində isə oğlu sağ idi. Ona yalnış məlumat gətirmişdilər. Atam müharibədən qayıdandan sonra Bakıda, Biləcəridə müharibədə iştirak edən qardaşlarından biri ilə təsadüfən qarşılaşır. Onlar birgə doğma Yardımlıya qayıdırlar. Ailəmin bundan sonrakı yaşayış məkanı Yardımlının Çayüzü kəndi olur. Atam burada bir müddət məktəb direktoru kimi də çalışıb.



Sovet zabitini öldürdüyünə görə onu həbslərdən, təqiblərdən qurtaran şəxs Ulu Öndərimiz Heydər Əliyev olub. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin şöbə müdiri işləyən Heydər Əliyevə atam haqqında məruzə olunub. Ulu Öndər onu yanına çağırtdırıb, hadisənin təfərrüatı ilə maraqlanıb. Şahbaz müəllim hər şeyi olduğu kimi danışıb. Heydər Əliyev onu dinlədikdən sonra atama yaxınlaşıb və deyib: "Qeyrətli oğlansan, get, bundan sonra daha heç kim sənə dəyib dolaşmayacaq". O, atamın həyatını xilas edib”.

Şahbaz Hüseynov 93 il ömür sürüb. O, ömrünün sonuna kimi Çayüzü kəndində yaşayıb. İki dəfə evli olub, 5 oğlu, iki qız övladı var.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gizli-Tarix   9-may  





Xəbər lenti