Ədəbiyyatda mifologiya: Çingiz Aytmatovla Orhan Pamuku nə birləşdirir?

      Ədəbiyyatda mifologiya:    Çingiz Aytmatovla Orhan Pamuku nə birləşdirir?
  23 İyun 2021    Oxunub:5278
Biz insanlar çox zaman bugünümüzlə öyünürük. Hər gün icad olunan yeni-yeni texnologiyaların bizə yaratdığı imkanları, rahatlığı nəzərə alıb, tez-tez soruşuruq: Görəsən, keçmişdə bütün bu imkanlar olmayanda adamlar necə yaşayıblar? Bir qədər düşünsək, sualın cavabı məlumdur.
O zamanlar, bütün bu ixtiralar olmayan çağlarda insanlar çox gözəl yaşayıb, bu gün bu yeniliklərin bizə bəxş etdiyi imkanlar sarıdan da heç bir korluq çəkməyiblər. Məsələn, internet olmayanda da dünyanın hər yerindən insanların xəbəri vardı. Əgər olmasaydı, onda belə bir faktı necə izah etmək olar: yüz il, min il bundan qabaq Azərbaycanın hər hansı bir bölgəsinin ucqar kəndində qoca nənə nəvəsinə nağıl danışır. Həmin o nağılın məzmunu haradasa Hindistanda, yaxud, Avropada, yaxud Çində, yaxud Amerika hinduları arasında bir nənənin nəvəsinə danışdığı nağılla düppədüz uyğun gəlir. Axı o vaxt, min illər bundan əvvəl İnternet yox idi. Heç kitab da yox idi ki, oradan oxuyub, əxz etsinlər, sonra da nəvələrinə danışsınlar. Bəs bu xəbəri haradan alıblar, bir-birinə necə təsir göstəriblər?

Dünyanın əksər xalqlarının mifologiyasını tanış olanda görürük ki, onlar bir-birinə çox oxşayır. Ay işıqğındanmı, ulduzlardanmı alırdılar məlumat? Bax, bu fakt ilk baxışda adamda təəccüb doğrur. Amma əslində burada da təəccüblü heç nə yoxdur. Məsələ ondadır ki, dünyanın özü nağıldan yaranıb, yaranışın kökündə mifologiya durur. Sonradan tarix və tarixləri hesablayan təqvim yarandı. İnsanlar nağıllara, əsatirlərə bəşəriyyətin ibtidai dövrü, uşaqlığı kimi baxmağa başladılar. Lakin hər dəfə miflər özünü yenidən büruzə verir, bəşər övladının ondan xilas ola bilməyəcəyini yada salır. Bunu xüsusilə ədəbi əsərlərdə görmək olar.

Biz bu gün Tarixdə Ədəbiyyat və Ədəbiyyatda Mifologiya mövzusunda danışacağıq. Bu mövzunu iki yazıçının yaradıcılığında işıqlandırmağa cəhd edəcəyik – biri Orxan Pamuk, digəri Çingiz Aytmatov. Orxan Pamuk Türkiyə tarixində birinci yazıçıdır ki, dünyada ən yüksək ədəbi mükafata - Nobel mükafatına layiq görülüb. Türkiyədə Çingiz Aytmatovun yaradıcılığını çox sevirlər, onun əsərlərini ekranlaşdırır, tamaşaya qoyurlar və hətta orada çoxları onu “türk yazıçısı”, yaxud “türkdilli yazıçı” adlandırır. Hərçənd o, əsərlərini çoxunu rus dilində yazıb və mən onu Sovet Qırğız yazıçısı kimi qəbul edirəm. Sovet kontekstini yığışdırsaq, bu yazıçı da avtomatik yoxa çıxacaq.

Bu iki ədəbi simanı dahi yazıçı adlandırmaq olarmı? Məncə, yox. Onların heç birinin ədəbiyyatda, söz sənətində dönüş, yeni axın, yeni cərəyan yarada biləcək bədii kəşfləri olmayıb. Bəs onları böyük, istedadlı yazıçılar adlandırmaq olarmı? Artıqlaması ilə hə. Onları həmişə oxuyurlar, onlara qiymət verilib, onlar dəfələrlə ən yüksək səviyyədə mükafatlandırılıb. Çingiz Aytmatov sağlığında bir neçə dəfə Nobel mükafatına təqdim olunub, nədənsə ona bu ödül verilməyib, halbuki, çoxlarının rəyinə görə, alanlardan daha artıq layiq idi.

Onların hər ikisi Şərq xalqlarına mənsub olsalar da, Şərq-Qərb qarşılığını, Şərq-Qərb qütbləşməsini öz yaradıcılığında mifoloji, arxaik motivlərə müraciət etməklə aradan qaldırmağa nail olublar. Onların hər ikisi əsasən müasir dövrdən, öz müasirlərindən yazır, amma mifoloji motivlər bu əsərlərdə aktiv şəkildə iştirak edir. Hətta Sovet illərində “Çingiz Aytmatov mifologizmi” adlanan bir anlayış meydana çıxmışdı. O, sosializm realizmi hökm sürən bir ədəbiyyata mifoloji realizmlə daxil oldu.

Dünyanın ən məşhur folklorşünası, ən tanınan mifoloqlarından biri Mirça Eliade yazırdı ki, keçmişdə o şey ki, mifologiyaya uyğun gəlmirdi, onu gerçək saymırdılar, yalnız nağıla, əsatirə uyğun gələn nəsnələr həqiqi hesab olunurdu. Yəni tutalım, siz həyatda görürsüz ki, on nəfər bir nəfərdən şikayət edir və mifoloji təfəkkürə görə on nəfər çoxluqdur, deməli, haqlıdır. Məsələ ondadır ki, 50-ci illərin sonu, altmışıncı illərin əvvəlləində Sovet ədəbiyyatında yeni nəsil, bəzən “altmışıncılar” deyilən nəsil mifoloji təfəkkürə əks gedərək, həmin o bir nəfərin tərəfini tutur, on nəfərin haqsız olduğunu sübut etməyə çalışırdılar. Bax, belə bir vaxtda Aytmatov mifolji ənənəni yenidən bərpa edə bilmişdi. Onun yaradıcılığı Azərbaycan yazıçılarına da bu və ya başqa dərəcədə təsir göstərmişdi. İsa Hüseynovun “Tütək səsi” əsərində bu təsiri duymaq olar, bundan başqa, Əkrəm Əylislinin, Mövlud Süleymanlının da yaradıcılığında, xüsusilə onların ədəbi fəaliyyətinin ilk dövlərində Aytmatovun bir klassik kimi deyil, bir qələm dostu, müasir yazar kimi müəyyən təsirini sezmək mümkündür.

Mən romantik müəllif konsepsiyasına inanmıram. Yəni haradasa gözəgörünməz bir küncdə heç kimin tanımadığı bir müəllif götürüb, bir dahiyanə əsər yazacaq və dərhal məşhurlaşıb hamı tərəfindən seviləcək, tanınacaq... Xeyr, belə olmur. Müəllif özü də bir layihədir. Onu da seçirlər, yoxlayırlar, geniş təbliğ etməyə başlayırlar. Yalnız bundan sonra tanınır. Yalnız bundan sonra onda yeni-yeni əsərlərlə çıxış etmək stimulu yaranır.



Aytmatov 1958-ci ildə yazdığı “Cəmilə” povesti ilə tanınıb, şöhrət qazandı. Dərhal Lui Araqon bu əsəri fransız dilinə tərcümə etdi və kitaba xeyli tərifli, heyranlıq ifadə edən ön söz yazdı. Bu əsərdə II Dünya Mühariribəsi zamanı bir Qırğız aulunda baş verən hadisələrdən söhbət gedir. Onları bizə bir oğlan danışır. Onun böyük qardaşı cəbhədə vuruşur. Qardaşının arvadı, gənc Cəmilə kənddə təsərrüfat işlərilə məşğuldur, araba ilə yük daşayır. Oğlan da ona kömək edir. Bu zaman başqa bir arabada ayağından yaralanıb, tərxis olunan bir gənc də yük daşımaqdadır. Cəmilə ilə onun arasında sevda baş tutur, getdikcə onların bir-birinə bağlılığı daha da artır, ətrafda bunu duymağa başlayırlar, Cəmilə gənclə bu yerlərdən çıxıb getməli olur. Oğlan öz içində onları dəstəkləyir və hətta minnətdardır ki, dünyanın, təbiətin gözəlliyindən, gözəl hisslərdən onu hali etdilər.

Əslində Cəmilə xəyanət edir. Müəyyən mənada oğlan da Cəmilənin tərəfindən çıxış etdiyi üçün, cəbhədə vuruşan qardaşına xəyanət etmiş olur. Məsələnin maraqlı tərəfi də odur ki, “xəyanət” sözü heç kimin ağlına gəlmir. Çünki burada iki gəncin arasında baş qaldıran hisslər elə bir ali səviyyəyə qaldırılıb, varlığa, mövcudata o qədər həmahəng gəlir ki, bunun qarşısında hər şey sönür, xəyanət sözü yaddan çıxır. Gözəllik hər şeyə bəraət qazandıra bilərmiş. Bir də qadınlıq. Cəmilə gənc insanın gözü qarşısında necə məhv olduğunu görür. Onun iki yolu qalıb: Ya cəbhədə vuruşan ərinə sadiq qalıb, onu gözləməli, ya da qarşısındakı insanı xilas etməli. O, ikincisini seçir.

Ötən əsrin 60-70-ci illəri bugündən xeyli fərqlənirdi, o zaman insanlar daha sərbəst düşünürdülər. Çox zaman yanlış olaraq belə güman edilir ki, guya o zamanlar şüur buxovlanmışdı. Əsla. Təbliğat nəzarət altında saxlanılırdı, amma şüur, düşüncə azad idi. Məsələn, o zaman bütpərəstlikdən, bütpərəstyliyə doğru aparacaq fikirlərdən, inanclardan indiki kimi qorxmurdular. Dinlərə, inama, təbiətə münasibət daha sərbəst idi. Bu gün hətta dindən uzaq olan adamlar belə müəyyən qadağan olunmuş mövzulara, ən qədim dini görüşlərə yaxınlaşa bilməz. Onlar haqqında danışmaq, yazmaq, onlara müraciət etmək bu gün üçün müşkül məsələdir. Bu, günah, küfr sayıla bilər. Amma o zaman heç kim səni küfrdə ittiham edə bilməzdi, sən sərbəst idin...

Altmışıncı illərdə Aytmatovun yazdığı “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, yetmişinci illərdə yazdlığı “Ağ gəmi”, “Dəniz kənarı ilə qaçan alabaş” povestlərində mifoloji motivlərin, bütpərəst inancların geniş şəkildə, bədii formada ifadəsini görmək olar. Eyni fikirlər səksəninci illərdə yazılan “Gün var əsrə bərabər” romanına da aiddir. Düzdür, sonuncu əsərin adında artıq Bibliyadan sitat gətirildiyini görürük. Lakin burada da tam mənada əsərin məzmunu bütpərəstlik motivlərindən azad deyil. Burada da ruhların insandan heyvanlara keçməsi haqqında bədii təsvirlərə bir neçə epizodda rast gəlirik. Lakin tədricən onun əsərlərində xristian dininə yaxınlaşmanı izləyə bilərik. Bunu yazıçının rusca yazdığı “Plaxa” (“Edam kötüyü”) romanında açıq görmək olar. Baxmayaraq ki, burada da bütpərəstlik, totemizm elementləri yox deyil. Xüsusilə boz qurd türk totemi “Edam kötüyü”ndə mühüm rol oynayır, demək olar ki, aparıcı qəhrəmanla yanaşı çıxış edir. Hətta bir epizodda çarmıxa çəkilmiş qəhrəmanın qarşısında boz qurd xilaskar kimi gəlib dayanır.

Biz dünyanı sözlə görürük. Söz olmasa, göz görməz. Mən hər nə görürəmsə, adı var – bu, stoldur, o, kitabdır, rəfdir, işıqdır. Bunların adı olmasa, biz onları görə bilmərik. Bəlkə də ətrafda daha çox şeylər var. Amma onları adlandırmadığımzdan, sözə çevirmədiyimizdən, görə bilmirik. Odur ki, biz gerçək dünyanı öz dilimizdən, öz sözlərimizdən görürük. Bir də var unudulmuş dil, unudulmuş rəmzlər. Bunlar qədim, ilkin, ədəbiyyatçılar tərəfindən işlənib cilalanmamış, dəyişdirilməmiş mifoloji motivlərdir. Bunlar bizim yuxularımızdır. Onlar bizə dünyanın daha çox sirlərini açmış olur, daha artıq görüntülərlə üzləşirik. Bu dil uşaqlara daha yaxın olur. Bəlkə də elə buna görə Aytmatovun əksər povestlərinin qəhrəmanları uşaqlardır.

“Dəniz kənarı ilə qaçan alabaş” əsərində oğlanın dönüb kişi olması mərasimi haqqında nəql olunur. Onu, Kirski bir qoca və bir kişi götürüb qayıqla dənizin ortasına, adalarda ov etməyə aparırlar. Onların dənizə çıxışı oğlana həsr olunub. Tufan başlayır, qayıq səmti itirir, sonra duman gəlir, onlar sahilə çıxa bilmirlər. Qayıqda içməli su qurtarmaq üzrədir. Qoca və kişi özlərini suya atıb, qurban verirlər. Oğlan tək-tənha gəlib, sahilə çıxır. Bu hadisə Böyük Balıq ilində baş verir.
Burada həm inisiasiya (oğlanın kişi olma mərhələsindən keçidi), həm də ölümlər baş verir. Bundan başqa, hadisənin sonunda həyatın davamı ideyası üzə çıxır. “Ağ gəmi”də isə uşaq ölü həyatdan qurtulmaq, öz dünyasını xilas etmək, balığa, yəni həyat rəmzinə çevrilmək naminə özünü dənizə atır.
Sovet ədəbiyyatında Elmi Texniki Tərəqqi dövründə elmi fantastik əsərlərə daha geniş yer ayrılırdı. Çingiz Aytmatov isə sanki bu qədim, mifoloji motivlərlə ədəbiyyatı cansızlaşmadan, mücərrədləşmədən qorumağa çalışır, onu geri, unudulmuş dilə, mifoloji reallığa sarı çəkirdi.

Şərq-Qərb qütbləşməsnin aradan qaldırılmaq üçün Orxan Pamukun qəhrəmanları öz yaşadıqları məkanları səyahətə çıxır, gündəlik gördükləri, alışdıqları yerləri, küçələri, xiyabanları, meydanları, abidələri, evləri yeni gözlə görür, onları unudulmuş dildə dilləndirirlər. Onun 1990-cı ildə yazdığı “Qara kitab” romanının qəhrəmanı Qalib qəfil yoxa çıxmış əmisi oğlu Cəlalı və həyat yoldaşı Röyanı tapmaq üçün doğma İstanbulu axtarışa çıxır. İstanbul (vaxtilə Konstantinopol) ona başqa cür görünür. O, bu şəhərlə başqa cür, nağıl dilində danışır.
Çoxları bu romanı hətta “Min bir gecə” nağılları ilə müqayisə edirlər. Doğrudur, bu nağılı bir qədər qəliz dildə yazılmış və bir qədər dolaşıq nağıl hesab etmək lazım gəlir. “Qar” romanında isə yazıçı sanki bugünki siyasi həyatın özünü nağıla çevirir, onun mifoloji köklərini tapmağa cəhdlər edir. Bunun öhdəsindən yalnız şair və ya yazıçı gələ bilər.

“Mənim adım qırmızı” romanında Orxan Pamuk orta əsrlər şərq miniatür sənətinin ən inkişaf etmiş dövrünün son mərhələsini göstərir. Qərbdən yeni şəkil çəkmək üsulu, perspektiv, yəni şəkli bir nöqtədən, öz gözündən çəkmək prinsipinin Şərqə, İstanbula gətirilməsi qətllərlə müşayiət olunur. İlk baxışda burada Şərqlə Qərbin, iki mədəniyyətin məlum qarşıdurmasından söhbət gedir. Lakin bu fikri təsdiq etməyə mane olan başqa bir dəlil ortaya çıxır. İş budur, şərq miniatür sənətinin nəhəng simalarının özlərində belə, həmin üsula meyl baş qaldırır. Lakin onlar bu meylə qalib gəlməyə çalışırlar. Hətta bir rəssam bu meyldən xilas olmaq üçün iynə ilə gözlərini deşir.
Mən gördüyümü yox, bildiyimi çəkirəm. Amma yeni üsul görmək istədiyini çəkməyi təklif edir. Bunun qarşısı alına biləcəkmi? Romanda göstərilir ki, bu, mümkün deyildi.

Biz elə bir dünyada yaşayırıq ki, burada tarixlə mif, əsatir dünya ilə gerçək dünya daim bir-birinə üstün gəlməyə can atır. Əgər təqvim varsa, deməli, onun başlanğıcı da var. Xristianlar miladi tarixin başlanğıcını İsa Məsihin doğulmasından götürür və bu tarix İsanın yer üzünə qayıdışı ilə başa çatacaq. Müsəlmanlar hicri təqviminin başlanğıcını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicr etdiyi gündən götürür və bu tarix Qiyamət günündə başa çatacaq. Mifologiya isə başlanğıc və son anlayışarını qəbul etmir. Hər şey təkrarlanır və bütün dünya əbədi qayıdışın daxilində mövcuddur. Bəs biz hansı dünyada, hansı zamanda yaşayırıq, tarixi zamanda, yaxud əbədi təkrarlanan mifoloji zamanda? Deyilənə görə, tarixi zamanda. Amma mifologiya, daim, təkrar-təkrar özünü bizim həyatımızda göstərməkdədir.

Nadir Bədəlov
Sənətşünas, ssenarist
Azvision.az üçün



Teqlər: Ədəbiyyat   Mifologiya  





Xəbər lenti