Qlobal istiləşmə, artan təbii fəlakətlər: Yaxın gələcəkdə bizi nə gözləyir?

   Qlobal istiləşmə, artan təbii fəlakətlər:  Yaxın gələcəkdə bizi nə gözləyir?
  14 Avqust 2021    Oxunub:6560
Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərin getməsindən xəbər verdi. Alimlər həyəcan təbili çalaraq bəyan edirlər ki, yaxın gələcəkdə quraqlıqlar daha da genişlənəcək, aramsız yağan yağışlar isə daha çox müşahidə olunacaq.
Nəticədə, planetin bəzi bölgələrində dəhşətli daşqınlar, digər ərazilərdə isə yanğın və səhralaşma adi hal alacaq. İş o yerə çatacaq ki, soyuq iqlimi ilə seçilən Ukraynanın cənub bölgələrinin su altında qalacağı burada tropik gecələrin adi hala çevriləcəyi proqnozlaşdırılır.

Azvision.az xəbər verir ki, BMT -nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin son hesabatı da ürəkaçan heç nə vəd etmir. Bəzi mütəxəssislər hesabatı sanki bəşəriyyət üçün səslənən bir arzuolunmaz məhkəmə hökmünə bənzədirlər. Hesabatda dünyanın 66 ölkəsindən 234 ekspert qəti şəkildə iddia edib ki, qlobal istilik inanılmaz dərəcədə artıb. 2019 -cu ildə atmosferdəki karbon qazının konsentrasiyası son 2 milyon ildə ən yüksək göstərici olub! Yer səthinə gəldikdə isə 1970 -ci ildən bəri burada qlobal istilik digər 50 illik dövrlə müqayisədə daha sürətli şəkildə artıb. Bu həm də 2000 ildə ən pis göstəricidir...

Hesabat müəllifləri son on ildə 14 min elmi məqaləni araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, atmosfer, okean və yerin quru səthi insan fəaliyyətinin təsiri ilə inanılmaz dərəcədə dəyişib, hər üç istiqamətdə surətli istiləşmə gedir. Alimlər deyirlər ki, əgər orta qlobal temperatur 1,5 dərəcədən yuxarı qalxarsa, nəticələr təsəvvür edilməyəcək dərəcədə faciəvi olacaq. Quraqlıq və daşqınlar daha da şiddətlənəcək və bəzi bölgələrdə insanlar isti havanın təsirinə tab gətirmədən qısa zamanda öləcəklər.



"Nature Communications" elmi nəşrində dərc olunan araşdırmaya görə, istixana qazları və tullantılar səbəbiylə temperaturun artması əsrin sonuna qədər 83 milyon insan vaxtından əvvəl ölməsi ilə nəticələnə bilər .

Bir sözlə, hazırda planetimiz gözləniləndən daha sürətli istiləşir.

Türkiyədə sel qurbanlarının sayı 44-ə çatdı - YENİLƏNİB
Xatırladaq ki, Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni dayandırmaq və planetin 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün 2020-ci ildən etibarən karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirləri tənzimləməyi qəbul ediblər. Çünki istiləşmədə yalnız 2050 -ci ildə 1,5 dərəcəlik artıma çatacağımız gözlənilirdi. Lakin BMT -nin iqlim dəyişikliyi üzrə hökumətlərarası qrupunun alimləri bu rəqəmin 2040 -cı ildə keçiləcəyini xəbərdar edirlər. Növbəti onilliklərdə bəşəriyyət karbon və istixana qazı tullantılarını azaltmasa, o zaman orta temperatur 1,5 deyil, 2 dərəcə yüksələcək. "Nature Communications"dakı məqalə müəllifləri planeti ekstremal hava şəraiti və iqlim dəyişikliyinin ağır nəticələrinin təhdid etdiyini qeyd edirlər:



"Yağışın xarakterində dəyişikliklər olacaq, yüksək enliklərdə yağıntılar ehtimalı artacaq və subtropik bölgələrin əksəriyyətində isə azalacaq. Sahil bölgələrində dəniz səviyyəsinin daha da yüksəlməsi, ovalıq ərazilərdə daha çox və şiddətli daşqınlara və torpaq eroziyasına rast gəlinməsi gözlənilir. Dəniz səviyyəsində əvvəllər hər 100 ildə bir dəfə baş verən böyük dəyişikliklər 21 -ci ilin sonuna qədər hər il baş verəcək . Arktikada qar örtüyü itə bilər və buzlaqlar xeyli azalacaq. Dəniz cərəyanlarının-isti axınların dəyişikliyə uğraması okeanın ekosisteminə və balıq ovu ilə məşğul olan insanların sosial durumuna xeyli təsir edəcək.
Əgər dünyada iqlim siyasəti kəskin şəkildə dəyişməsə, 21 -ci əsrin sonlarında planetin temperatur 3 dərəcə artacaq".

Son 5 il 1850 -ci ildən bəri qeydə alınan ən isti dövr oldu. Bu ilin 11 avqustunda Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur yeniləndi. İtaliyanın Siciliya adasında havanın temperaturu + 48.8 dərəcəyə yüksəldi. Görünür bəşəriyyət indi bütün problemləri kənara qoyaraq daha çox iqlim dəyişikliklərinə səbəb olan məsələri aradan qaldırmaqla məşğul olmalıdır. Əks təqdirdə, alimlərin də dediyi kimi bizi çox ağır bir əsr gözləyir...

Tural Tağıyev
Azvision.az



Teqlər:   Təbii-fəlakət   Daşqın   Yanğın   İstiləşmə  





Xəbər lenti