Qaralayanların qara günləri: Anti-dövlət tezisləri bir-bir çürüyür
İndi həmin fikirlərdən utanmalı olanlar əksinə, 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərə fərqli rəng verməyə, uğurumuzu gözdən salmağa çalışırlar. Maraqlıdır ki, bu tezislər iki mənbədən yayılır: Erməni revanşist qüvvələrindən və Azərbaycandakı "qərbpərəst" radikal çevrələrdən. Ermənilər də onlar kimi (və ya onlar ermənlər kimi) var güclərilə sübut etməyə çalışırlar ki, "müharibə hələ bitməyib”. Əslində bu sinxronluq təəccüblü deyil: Ölkədəki radikalların xaricdən aldığı ianələrdən erməni diasporunun iyinin gəldiyi axı heç kimə sirr deyil.
Radikalların başqa bir iddiası Azərbaycan hakimiyyətinin Qarabağ bölgəsində müvəqqəti olaraq Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsinə razılığın az qala ölkəmizdə yenidən Rusiya hərbi bazasının yaradılması və həmin torpaqların itirilməsi kimi qiymətləndirməsidir. Halbuki əvvəla, həmin ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz hissəsidir və rəsmi Bakı Rusiya sülməramlılarına nəinki orada ömürlük qalmaları, hətta indiki statusu ilə bağlı mandat verməyib. Amma Rusiyanın dövlət sifarişləri üzrə saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi radikalları necə cuşa gətirdisə, dərhal sözügedən ərazilərin az qala “birdəfəlik itirilməsi” barədə “çal-çağıra” başladılar. Bəli, Azərbaycan üçün hətta uydurma və hipotetik “təhülkələr” radikal ünsürlərdə məhz çal-çağır əhval-ruhiyyəsi yaradır. Çünki onların yanaşması belədir: “Təki Azərbaycan uğursuzluğa düçar olsun ki, biz iqtidarın səhv siyasəti haqda erməniçilik ideoloqlarının və xarici havadarlarımızın çaldığına züy tutaq". Di gəl ki, Azərbaycandakı xalq-iqtidar birliyi onlara bu imkanı vermir. Reallıq isə bu oldu ki, rəsmi Bakının etirazından sonra Rusiya saytındakı qələt aradan qaldırıldı.
Rus sülhməramlılarının yerləşdiyi ərazilərdən bizim mövqelərimizə ara-sıra atəşlər açılması ilə bağlı Azərbaycan hakimiyyətinin təmkinli və sərt cavabları radikalların bu məsələ ətrafındakı hay-küylərinin də üstünə soyuq su çilədi. Amma bir sualdan qaçmaq qeyri-mümkündür: “Görəsən taleyüklü məsələlərdə onların özləri səlahiyyət yiyəsi olsa idilər, hansı addımları atardılar? Onların birillik hakimiyyəti dövründə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli 907-ci düzəliş suala birbaşa cavab deyilmi?
Radikal ünsürlərin pozuculuq yönündə saldıqları vay-şivənin ən tutarlı cavabı isə sentyabrın 2-də Qarabağdakı separatçı rejimin “müstəqillik günü” ilə bağlı mövzunun qapanması oldu. Belə ki, ermənilərin “bayram” şənliyinin Azərbaycan iqtidarının məğlubiyyəti kimi qələmə verməyə çalışanların “sevincinə” rəğmən, nə Paşinyan, nə də onun sələfləri Qarabağa gəlməyə cürət etmədilər. Çünki Azərbayacandakı radikallardan fərqli olaraq, yaxşı başa düşürlər ki, indi başqa zamandır. Bu reallığı isə Azərbaycan hakimiyyətinin təmkinlə, nəyi necə və nə vaxt etmək qərarını şərtləndirən strategiyası yaradır və müəyyənləşdirir.
Sahil İsgəndərov, politoloq
Azvision.az
Teqlər: